6 aylıq körpələrin hörümçək reaksiyası alimləri təəccübləndirdi – Səbəb nədir?

Altı aylıq körpələrin heç vaxt real həyatda qarşılaşmadıqları hörümçəklərin təsvirlərinə fərqli fizioloji reaksiya verdiyi müəyyənləşib.

Maks Plank İnstitutu, Vyana Universiteti və Uppsala Universitetinin alimləri körpələrə hörümçək, çiçək, ilan və balıq şəkilləri göstərərək onların göz bəbəklərindəki dəyişiklikləri izləyiblər.

Nəticədə körpələrin göz bəbəklərinin hörümçək təsvirlərinə baxarkən çiçək şəkillərinə nisbətən daha çox genişləndiyi müəyyən edilib. İlanlarla bağlı təkrar sınaqda da oxşar reaksiya müşahidə olunub.

Tədqiqat rəhbəri Stefani Hehl hesab edir ki, insan beynində potensial təhlükəli obyektləri erkən yaşlardan daha sürətli aşkar etməyə imkan verən təkamül mexanizmi ola bilər. Lakin bu, körpələrin anadangəlmə olaraq hörümçək və ilanlardan qorxması demək deyil.

Bəzi alimlər isə göz bəbəyinin genişlənməsinin qorxu ilə deyil, hörümçək təsvirlərinin daha mürəkkəb vizual quruluşa malik olması ilə əlaqəli ola biləcəyini düşünürlər.

Tədqiqatçılar bildirirlər ki, əsl hörümçək və ilan fobiyası adətən daha sonrakı yaşlarda formalaşır.