Yunan mətbuatı Türkiyənin “Mavi Vətən” layihəsinin Şərqi Aralıq dənizində güc balansını köklü şəkildə dəyişdirdiyini etiraf edib. Yunanıstanın planlarının Ankaranın diplomatik və hərbi addımları qarşısında uğursuzluğa düçar olduğu vurğulanır.
Yunanıstanın “Banking News” portalının yayımladığı təhlildə Türkiyənin Liviyadakı diplomatik və hərbi mövcudluğunun bölgədə vəziyyəti tamamilə dəyişdirdiyi bildirilib.
Təhlilə görə, Ankaranın Liviya şərqində konsulluq açması və general Xəlifə Haftarla birbaşa əlaqə yaratması bölgədə güc balansını pozacaq addım kimi qiymətləndirilir. Həmçinin Türkiyənin Liviya ilə uzunmüddətli dostluq münasibətləri xüsusi vurğulanıb.
Ankara 1951-ci ildə müstəqilliyini əldə edən və 2011-ci il vətəndaş müharibəsi zamanı Tripoli hökumətinə verdiyi dəstəklə bölgədəki rolunu gücləndirən Liviyanı ilk tanıyan ölkələrdən biri olub.

Yunan mətbuatı Türkiyənin Liviyada hərbi mövcudluğunu yalnız diplomatik addım kimi deyil, həm də “Cənubi Aralıq dənizində qurulmuş forpost” kimi dəyərləndirir.
Bildirilib ki, Ankaranın Haftarla təmasları Yunanıstan və Kiprin Misir və İsraillə qurduğu üçtərəfli ittifaqların təsirini zəiflədib. Təhlildə qeyd olunur ki, Türkiyə artıq diplomatik cəbhədə də oyun qurucu roluna yüksəlib.
Hesabatda ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barakın açıqlamalarına da yer verilib. Barak müsahibəsində Vaşinqtonun Yaxın Şərq siyasətinin köklü dəyişəcəyini bildirib və bundan sonra Türkiyənin maraqlarının da nəzərə alınacağını vurğulayıb.

Lakin bu yanaşma ABŞ daxilində mübahisələrə səbəb olub. İsrail tərəfdarları Barakı Türkiyəyə yaxın olmaqda ittiham edərkən, Yunan mətbuatı isə Türkiyənin həm də diplomatik cəbhədə üstünlük əldə etdiyini yazır.
Həmçinin qeyd olunur ki, Türkiyənin Liviyada hərbi və diplomatik mövcudluğu nəticəsində Yunanıstan və Kiprin bölgədə təcrid olunma riski getdikcə artır. Yunan mətbuatı iddia edir ki, Ankaranın enerji yollarına nəzarət etmək planı artıq geri dönüşü olmayan bir mərhələyə çatıb və Türkiyənin regional gücünü artırması Yunanıstanı xəritədən silə bilər.




