Yaponiya hökuməti Çin, Rusiya və Şimali Koreyadan qaynaqlanan təhlükələri əsas gətirərək ölkənin hərbi potensialını daha da gücləndirmək niyyətindədir.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Yaponiya hökuməti hərbi imkanların genişləndirilməsini təkcə ölkənin müdafiəsi üçün deyil, həm də iqtisadi inkişafın mühüm amili kimi təqdim edir. Müdafiə məsələlərinə dair son “Ağ kitab”da silah istehsalının iqtisadi artıma töhfə verə biləcəyi vurğulanır.
Yaponiyanın Müdafiə Nazirliyinin dərc etdiyi illik hesabatda müdafiə xərclərinin artırılmasının əsas səbəbləri kimi strateji təhdidlər və müasir müharibələrin, xüsusilə Ukrayna müharibəsinin dərsləri göstərilib.
Sənəddə qeyd olunur ki, dünya “yeni böhranlar dövrü”nə daxil olub və Hind-Sakit okean regionunda təhlükəsizlik mühiti getdikcə daha gərgin xarakter alır.
Xatırladaq ki, ABŞ və Yaponiya Silahlı Qüvvələri bu yaxınlarda Yaponiyanın Kyuşu adasında keçirilən illik “Resolute Dragon” təlimləri zamanı mübahisəli adaların ələ keçirilməsi və müdafiəsi ssenarilərini məşq ediblər. Təlimlərdə Avstraliya, Fransa və Filippinin xüsusi təyinatlı qüvvələri müşahidəçi qismində iştirak edib.




