Türkiyə İranın “Mahan Air” şirkətinin uçuşlarını dayandıracaq

Türkiyə İranın “Mahan Air” aviaşirkətinin iki ölkə arasında həyata keçirdiyi reysləri dayandıracaq.

Bu barədə nəşrə Türkiyə rəsmiləri bildiriblər.

Qərar “Mahan Air”in Türkiyə və İran arasındakı bütün uçuşlarına şamil ediləcək.

Buna səbəb ABŞ-nin İranın “Mahan Air” aviaşirkətinə xidmət göstərən Türkiyə şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsidir. Qərar sentyabrın 21-dən qüvvəyə minəcək.

Bu ayın əvvəlində ABŞ Maliyyə Nazirliyi İranın mülki aviaşirkətlərinə, yerüstü xidmət və yükdaşıma şirkətlərinə, eləcə də aviasiya komponentləri təchizatçılarına qarşı sanksiyalar elan edib. Sanksiya siyahısına Türkiyənin üç şirkəti – “S Sistem”, “Mes Cargo” və “Sky Phoenix” daxil edilib. Amerika idarəsinin məlumatına görə, onlar “Mahan Air”ə xidmətlər göstərib, o cümlədən təyyarələrin tədarükündə və alınmasında iştirak edib, həmçinin satış üzrə xidmətlər təqdim ediblər.

Şirkətlərə sanksiyaya məruz qalmış təşkilatlarla əməkdaşlığı dayandırmaq üçün qısa müddət verilib. ABŞ Maliyyə Nazirliyi üçüncü ölkələrdən olan xidmət təchizatçılarına qarşı da mümkün tədbirlər barədə xəbərdarlıq edib.

“İndi risk ‘Mahan Air’ə xidmət edən hər hansı bir Türkiyə təşkilatına – hava limanı və yerüstü xidmətlərdən tutmuş bilet satışı və bank əməliyyatlarına qədər şamil edilir. Bu, işdə fasilələrə və yeni araşdırmalara səbəb ola bilər”, – deyə “Middle East Eye”ın həmsöhbətlərindən biri bildirib.

Digər Türkiyə rəsmiləri isə vurğulayıblar ki, söhbət İranın bütün aviaşirkətlərinin uçuşlarına qadağa qoyulmasından getmir. Ankara Tehranla olan aviasiya sazişini, uçuşların təhlükəsizliyini və ABŞ-ın Türkiyə şirkətlərinə qarşı mümkün yeni sanksiyalarını nəzərə alaraq digər daşıyıcılarla bağlı riskləri qiymətləndirməyə davam edəcək.

“Mahan Air” Türkiyəyə tez-tez uçuşlar həyata keçirirdi, o cümlədən İstanbul və Tehran arasında gündə ən azı üç reys icra edirdi. Aviaşirkət sentyabrın 21-dən Türkiyəyə və oradan olan uçuşları dayandıracağını təsdiqləyib. Daşıyıcı həmçinin Oman və Gürcüstana uçuşların dayandırıldığını da bildirib.