Tələbə adını qazanmış şəhid anaları

Şəhid analarımızın uğuru – bizim üçün böyük qürurdur!
İllərdir şəhid ailələrinin yanında olmaq, onların sevincini və qayğılarını bölüşmək, qarşılaşdıqları məsələlərdə onlara istiqamət göstərmək mənim üçün sadəcə bir fəaliyyət deyil, böyük bir mənəvi məsuliyyətdir.
Bu illər ərzində istiqamət verdiyim şəhid yoldaşlarının, şəhid bacı və qardaşlarının, eləcə də şəhid analarının təhsil yolunda addımlar ataraq tələbə adını qazanmaları mənim üçün xüsusi qürur mənbəyidir. Əgər onların bu yolunda mənim də kiçik bir dəstəyim, bir tövsiyəm, bir istiqamətləndirməm olubsa, bundan böyük xoşbəxtlik yoxdur.
Bu gün isə daha iki şəhid anamızın – Babayeva Əsli ananın,  və Şirinova Brilyant ananın təhsil yolunda mühüm addım ataraq Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbə adını qazanmaları münasibətilə onları ürəkdən təbrik edirəm.
Onların bu uğurunda mənim də bir istiqamət verən, yol göstərən insan kimi kiçik bir payımın olması mənim üçün böyük sevincdir. Mən heç zaman etdiyim dəstəyi qarşılıq gözləyərək göstərməmişəm. Əksinə, şəhid ailələrimizin öz potensiallarını ortaya qoyduqlarını, təhsil aldıqlarını, yeni uğurlara imza atdıqlarını görmək mənim üçün ən böyük mükafatdır.
Əziz şəhid analarımız, tələbə adınız mübarək! Qarşıda sizi yeni biliklər, yeni uğurlar və gözəl nailiyyətlər gözləsin. Sizin hər bir uğurunuz şəhidlərimizin əziz xatirəsinə, ailələrinə və cəmiyyətimizə dəyər qatan bir uğurdur.
Sizin uğurunuz bizim qürurumuzdur. Bu yolda bir addımınıza belə dəstək ola bilmişəmsə, nə xoşbəxt mənə, nə mutlu mənə!
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz ailələrinə isə daim güc, sağlamlıq və qürur dolu günlər nəsib etsin.

Təranə Almemmedova