Davamiyyət limiti tələbələrin təhsil hüququnu məhdudlaşdırır? – AÇIQLAMA

Ali təhsil müəssisəsindən xaric edilən tələbələrə universitetə bərpa olunmaq üçün 6 aylıq müddətin verilməsi təhsilə qayıtmaq imkanının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu müddət tələbəyə yaranmış problemləri aradan qaldırmaq, təhsilini davam etdirmək üçün yenidən müraciət etmək imkanı yaradır. Digər tərəfdən, akademik borclar, davamiyyət problemləri, maddi çətinliklər və ailə vəziyyəti kimi səbəblərdən təhsildən kənarda qalan gənclərin yenidən universitetə qayıtması üçün əlavə dəstək mexanizmlərinə ehtiyac var.

Bəs, tələbələrin universitetə bərpa olunması üçün nəzərdə tutulan 6 aylıq müddət onların təhsilə qayıtması baxımından nə dərəcədə yetərlidir? Universitetlər akademik borcların aradan qaldırılması, maddi və psixoloji çətinliklərin həlli, eləcə də tələbələrin təhsildən kənarda qalmasının qarşısının alınması üçün hansı əlavə imkanlar yaratmalıdır?
Davamiyyət limiti tələbələrin təhsil hüququnu məhdudlaşdırır? - AÇIQLAMA

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bəzi hallarda ali təhsil müəssisələrindən xaric edilmə məsələsi hətta məhkəmə müstəvisinə qədər gedib çıxa bilər.

“Məsələn, adını çəkmək istəmədiyim ali təhsil müəssisələrindən biri ötən il bir tələbəni universitetdən xaric etmişdi. Hadisə belə baş vermişdi: tələbə bir neçə dəfə imtahan zamanı əlavə vəsaitlərdən istifadə edərək sualları cavablandırmışdı və bu hal aşkarlanmışdı. Müəllim əvvəlcə ona xəbərdarlıq etmiş, daha sonra bir dəfə auditoriyadan kənarlaşdırmışdı. Üçüncü dəfə də eyni hal müşahidə olunduqda isə tələbə universitetdən xaric edilmişdi. Bu, universitetin həm öz daxili qaydalarını, həm də tələbənin hüquqlarını pozması kimi qiymətləndirilə bilər.

Məsələ burasındadır ki, belə hallarda tələbə imtahan hüququndan məhrum edilə və ya növbəti imtahana buraxılmamaq kimi məhdudiyyətlərlə üzləşə bilər. Lakin bizdə hər bir universitet öz daxili qaydalarını tətbiq edir və təəssüf ki, universitetdən xaric edilmə halları getdikcə geniş yayılır.

Tələbələrin universitetə bərpası məsələsinə gəldikdə isə, əlbəttə, onların təhsil mühitindən tamamilə uzaqlaşmamasına imkan yaradan təşəbbüslərin olması müsbət haldır. Çünki tələbələr universitet mühitindən uzaqlaşdıqca mənfi təsirlərə məruz qala, arzuolunmaz mühitə düşə bilərlər.

Digər tərəfdən, maddi imkanı məhdud olan ailələrin övladları da var ki, davamiyyət limitinə görə imtahanlara buraxılmırlar. Bir neçə imtahanı buraxdıqdan sonra isə bu vəziyyət tələbənin universitetdən xaric edilməsi ilə nəticələnə bilir.

Bilirsiniz, biz bir tərəfdən Bolonya sisteminə qoşulduğumuzu deyirik, digər tərəfdən isə tələbələrdən davamiyyət limitinə ciddi şəkildə riayət etməyi tələb edirik. Hər fənn üzrə dərs saatlarının sayına uyğun davamiyyət limiti müəyyənləşdirilir və həmin limiti aşmağa icazə verilmir.

Halbuki Bolonya sisteminin prinsiplərinə uyğun olaraq tələbələrin bilik və təlim nailiyyətləri qiymətləndirilməli, əsas diqqət imtahan nəticələrinə yönəldilməlidir. Məsələn, tələbə imtahanda iştirak edir və biliyini normal şəkildə nümayiş etdirə bilirsə, dərslərdə iştirak etmədiyi müddət avtomatik olaraq onun üçün problemə çevrilməməlidir.

Təəssüf ki, bu gün də ənənəvi təhsil yanaşmasını qoruyub saxlamaqda davam edirik. Azərbaycan 2008-ci ildən Bolonya prosesinə qoşulsa da, bu sistemin tam şəkildə tətbiqi ilə bağlı hələ də müəyyən problemlər mövcuddur”.