Piylənmə orqanizmi vaxtından əvvəl qocaldır – Alimdən xəbərdarlıq

Piylənmə orqanizmin bioloji qocalmasını sürətləndirə bilər.

Bunu akademik Natalya Mokrişeva deyib.

Onun sözlərinə görə, endokrinologiya sahəsində müasir yanaşmaya əsasən, piylənmə bioloji qocalmanın sürətlənməsində mühüm rol oynayır. Akademik qeyd edib ki, bu problemdə bədən kütləsi indeksi, piylərin bədəndə paylanması və bədən tərkibi arasında birbaşa əlaqə mövcuddur.

Mokrişeva bildirib ki, piylənmənin inkişafına stress, düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı və zərərli vərdişlər ciddi təsir göstərir.

Mütəxəssisin sözlərinə görə, piylənmə həmçinin koqnitiv pozuntuların, ürək-damar sistemində problemlərin, xroniki iltihabın yaranmasına və əzələ funksiyasının zəifləməsinə səbəb ola bilər.

Qeyd edək ki, sentyabrın əvvəlində Rusiya Endokrinoloqlar Cəmiyyətinin yeni klinik tövsiyələr layihəsi hazırladığı açıqlanıb. Layihədə yeni diaqnoz – “superpiylənmə” anlayışının tətbiqi təklif olunur. Bu diaqnoz bədən kütləsi indeksi 50 kq/m²-dən yuxarı olan şəxslərə qoyulacaq.

Belə vəziyyətdə kişilərə testosteron səviyyəsini yoxlatmaq, qadınlara isə, xüsusilə menstrual tsikldə problem və ya sonsuzluq olduqda, ginekoloq və endokrinoloqa müraciət etmək tövsiyə olunur. Adi “piylənmə” diaqnozu isə bədən kütləsi indeksi 30 kq/m²-dən yuxarı olduqda qoyulur.