Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması ilə bağlı açıqlaması siyasi bazarlığın tərkib hissəsidir.
Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.
O, Paşinyanın mövqeyini İrəvanın Moskva ilə münasibətlərdə maliyyə və ya digər güzəştlər əldə etmək cəhdi kimi qiymətləndirib.
Rusiyalı deputatın sözlərinə görə, Ermənistanın hazırkı siyasəti iki stulda oturmaq cəhdidir.
Kolesnik xəbərdarlıq edib ki, Moskva ilə münasibətləri kəsmək kursu Ermənistan üçün ciddi itkilərə səbəb olacaq:
“İndi Ermənistan rusiyalılar üçün viza tətbiq etməyə hazırlaşır. Ümumiyyətlə, belə siyasət Ermənistan üçün böyük itkilərə çevriləcək. Ölkələr arasında ticarət dövriyyəsi artıq azalır”.
Onun fikrincə, erməni diasporu və sıravi vətəndaşlar Rusiya ilə əlaqələrin kəsilməsini dəstəkləmir, çünki normal işləmək, ticarət etmək və gəlir əldə etməkdə maraqlıdırlar.



