Metro xətləri ayrıldı – Bu ərazilərdə kirayə evlərin qiyməti bahalaşacaq

Metro xətlərinin ayrılması ilə birlikdə həmin ərazilərə sərnişin daşıyan ekspres avtobuslar fəaliyyətə başladı. Bəs görəsən, bu amil kirayə bazarındakı qiymətlərə də təsir edəcəkmi? Metronun əlçatan olduğu yerlərdə qiymətlərin artıb, digər ərazilərdə azalması ehtimal edilirmi? Kirayə mənzil bazarındakı qiymətlərdə durğunluq olacaq?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc açıqlamasında bildirib ki, kirayə evlərin qiyməti daha da artacaq:

“Metro xətlərinin ayrılması kirayə bazarına təsirsiz ötüşməyəcək. Beləlikdə, kirayə bazarının coğrafiyasında müəyyən qədər dəyişikliklər baş verəcək. Lakin bu, bütün kirayə bazarını əhatə etmir. Bəzi müştərilər metro xətlərinin ayrılmasının müvəqqəti olduğunu nəzərə alaraq əvvəlki qərarlarını dəyişməyəcəklər. Digərləri isə bu prosesin uzun müddət nəqliyyat imkanlarını məhdudlaşdıracağını nəzərə alaraq yaşadıqları evləri dəyişmək qərarına gələ bilərlər. Bu da həmin ərazilərdə qiymətlərin müəyyən qədər azalmasına və ya sabitləşməsinə gətirib çıxara bilər. Bu prosesin bütün kirayə bazarına çox böyük təsir göstərəcəyini düşünmək sadəlövhlük olardı. Kirayə bazarında hər ay qiymətlər artır. Son dövrlər, xüsusilə avqust və sentyabr aylarında daşınmaz əmlak bazarında kirayə seqmentinə müraciətlərin sayı artır. Buna görə də bu istiqamətdə hər hansısa ucuzlaşmadan söhbət gedə bilməz. Sadəcə məsələnin məğzi ondan ibarətdir ki, indi kirayə yükü ərazilər üzrə yenidən bölüşdürüləcək.

Nəqliyyat əlçatanlığı uyğun olan ərazilərdə, eləcə də xətlərin ayrılmadığı digər metrostansiyalarının yaxınlığında qiymət artımı gözlənilir. Məsələn, “20 Yanvar”, “Elmlər Akademiyası” və digər bu kimi ərazilərdə qiymətlərin artımı gözlənilir.  Həmin ərazilər nəqliyyat əlçatanlığı baxımından daha məqsədəuyğun olduğuna görə, ora müraciətlərin sayında artım müşahidə olunur. Bu proses hələ bir müddət də davam edəcək. Bu da qiymət artımının həm tədris ili ərzində, həm də qarşıdakı dövrdə davam edəcəyini proqnozlaşdırmağa imkan verir.

Ümumiyyətlə, metro stansiyalarına və universitetlərə yaxın mənzillərə tələb yüksələcək, qiymət artımı daha güclü şəkildə baş verəcək. Metro ilə əlaqəsi zəif olan və nəqliyyat əlçatanlığı tam təmin edilməyən ərazilərdə isə qiymətlər sabit qala bilər. Həmin yerlərdə hər hansı ciddi ucuzlaşma gözlənilmir.

Metroya nəqliyyat baxımından alternativi olan, avtobus və piyada gedişi ilə digər metro xətlərinə çıxış imkanı yaradan ərazilərdə qiymətlərin daha da artacağı ehtimal edilir.

Ümumiyyətlə, kirayə evlərin qiymətinin azalmasından söhbət gedə bilməz, yalnız müəyyən qədər stabilləşmə ola bilər. Yəni bütün hallarda, istər kirayə bazarında, istərsə də alqı-satqı bazarında qarşıdakı dövrdə qiymət artımı qaçılmazdır”.