Karantin tətbiq edilən 14 növ zərərvericiyə qarşı mübarizə tədbirləri dövlətin vəsaiti hesabına aparılır

0
584

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri həyata keçirilir.

Bu barədə sentyabrın 26-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Yaqub Cəfərov “Fitosanitar sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş mətbuat konfransında ətraflı danışıb.

Agentlik rəsmisi 2019-cu ildə fitosanitar sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə məlumat verərək bildirib ki, respublikada karantin tətbiq edilən 14 növ zərərvericiyə və 4 növ alaq otuna qarşı mübarizə tədbirləri dövlət tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilir. Belə ki, agentlik tərəfindən respublika ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədilə beynəlxalq standartların tələblərinə uyğun təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsi istiqamətində işlər görülüb. Amerika ağ kəpənəyinin, kartof güvəsinin, yovşanyarpaqlı ambroziyanın, tikanlı quşüzümünün və siçanabənzər gəmiricilərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə kompleks mübarizə tədbirləri aparılıb.

Y.Cəfərov qeyd edib ki, çəyirtkəkimilərə qarşı 448.483 hektar sahədə müşahidə aparılıb, 167012,4 hektarda sirayətlənmə aşkarlanıb, 52.349,5 hektarda mübarizə aparılıb. Bunun da 51.538,5 hektarı büdcə vəsaiti hesabına həyata keçirilib: “Karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinə qarşı əsasən Lənkəran, Quba, Xaçmaz, Abşeron rayonlarında 5673 hektarda müşahidə aparılıb, 1043 hektarda sirayətlənmə aşkarlanıb. Ümumilikdə, 841 hektarda mübarizə tədbirləri aparılıb, bunun isə 556 hektarı büdcə vəsaiti hesabına yerinə yetirilib. Kartof bitkisində Kolorado kartof böcəyinə qarşı 23691 hekatrda, kartof güvəsinə qarşı isə 3142,4 hektarda mübarizə aparılıb. Meyvə bağlarında karantin yastıcalara qarşı 4535,84 hektarda digər karantin zərərvericilər əleyhinə (şərq meyvəyeyəni, sitrus ağqanadlısı, sitrus minalayıcı güvəsi və s.), 3175,93 hektarda mübarizə aparılıb”.

Qeyd olunub ki, karantin tətbiq edilən alaq otu yovşanyarpaqlı ambroziyaya qarşı 5360,9 hektarda mübarizə aparılıb. Bunun 222,9 hektarı büdcə vəsaiti hesabına yerinə yetirilib. Karantin alaq otları olan sarı sarmaşığa qarşı 5025 hektarda, sürünən (çəhrayı) kəkrəyə qarşı 2789 hektarda, tikanlı quşüzümünə qarşı 572 hektarda mübarizə tədbirləri görülüb. Pambıq sovkasına qarşı 166.671,8 hektarda, tor gənəsinə qarşı 45.393 hektarda, pambığın digər zərərvericilərinə (mənənə, trips, ağqanadlı) qarşı isə 78.615,5 hektarda, liqus zərərvericisinə qarşı 5688 hektarda kimyəvi mübarizə aparılıb.

Y.Cəfərov diqqətə çatdırıb ki, fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna maraqları daha da artıb. Belə ki, Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayonlararası Bioloji Laboratoriyasının dəstəyi ilə respublikanın bütün pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasının birinci və ikinci nəslinə qarşı 9755 hektarda bioloji mübarizə tədbirləri həyata keçirilib.

Ümumiyyətlə isə respublika üzrə, cəmi 1.310.004,7 hektarda mübarizə aparılıb ki, bunun 269.004 hektarı büdcə vəsaiti hesabına, 154.445 hektarı mexaniki və 886.555,7 hektarı kimyəvi üsulla olmaqla təsərrüfat subyektləri hesabına görülüb.

Cari il ərzində Fumiqasiya Mərkəzi tərəfindən 40.393,90 ton dənli, dənli-paxlalı, yemlər, 146.980,49 ton texniki yük, 254.590,84 kubmetr meşə materialı, 1.893,688 kubmetr istehsal və saxlanma yerləri zərərsizləşdirilib.

Həmçinin diqqətə çatdırılıb ki, təhlükəli zərərverici olan Aralıq dənizi meyvə milçəyi ilə bağlı müşahidələrin aparılması məqsədilə Abşeron rayonunun kənd və qəsəbələrində 250 ədəd feromon tutucusu quraşdırılıb, monitorinqlər aparılıb və sirayətlənmə halları müşahidə edilməyib. Hazırda siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirlərinə başlanılıb.

Siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri ilə bağlı Aqrar Xidmətlər Agentliyi tərəfindən rayonlar kifayət qədər kimyəvi preparatlarla təmin olunub.

Yaxın vaxtlarda isə AXA-da yeni “Fitosanitar portal”ın istifadəyə verilməsi nəzərdə tutulur. İstifadəyə veriləcək portalın məqsədi göstərilən fitosanitar xidmətlərin optimallaşdırılması və səmərəliliyinin artırılması, daha az həcmdə resurs sərf edilməklə xidmətin həyata keçirilməsi, elektronlaşması, şəffaflığın artırılması, innovativ üsulların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

Mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin Fitosanitar və aqrokimyəvi xidmətlərin tənzimlənməsi şöbəsinin müdiri Tural Cavadzadə və Bitki Mühafizə Mərkəzinin direktoru Azad İbrahimov da iştirak ediblər.