Xərçəng vaksini ilə bağlı ŞOK XƏBƏRDARLIQ: Metastazlar yenidən qayıda bilər!

Onkovaksinin tətbiqi zamanı müalicənin müsbət nəticə verməsi xərçəng xəstəliyinin yenidən qayıtmayacağına zəmanət vermir. Çünki şiş hüceyrələrinin dəyişməsi riski var. Bu halda metastazlar yenidən yarana bilər.

Bu barədə onkoloq, tibb elmləri namizədi Yevgeni Çeremuşkin 360.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bütün xərçəng hüceyrələri bölünür və daim öz xüsusiyyətlərini dəyişir. Vaksin isə insanın immun sistemini xərçəng hüceyrələrinin əlamətlərini tanımağa və onları məhv etməyə “öyrətmək” məqsədi daşıyır. Hüceyrələr dəyişərsə, bu proses çətinləşə bilər.

“Yeni metastazların yaranmaması yaxşı haldır, lakin onlar yenidən meydana çıxa bilər. Buna görə də immun sisteminin davamlı şəkildə işlədiyini və xəstəliyin qayıtmadığını anlamaq üçün zamana ehtiyacımız var. Adətən standart müşahidə müddəti üç ildən beş ilədəkdir. Onkologiyada beş il əsas göstərici hesab olunur”, – deyə mütəxəssis qeyd edib.

Onkoloqun fikrincə, hələlik vaksinin effektivliyi barədə qəti nəticə çıxarmaq tezdir. Çünki bir xəstədə müsbət dinamikanın müşahidə olunması kifayət deyil.

Xatırladaq ki, bir gün əvvəl onkovaksinin ilk xəstədə metastazları məhv etdiyi məlum olub. Rusiya Elmlər Akademiyasının akademiki, N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi rəhbəri Aleksandr Qinzburq “Qazeta.ru”ya açıqlamasında bildirib ki, müalicə olunan xəstənin vəziyyəti artıq dörd aydır yaxşıdır.

Hazırda xəstə həkimlərin nəzarəti altında qalır. Onun limfa düyünləri yoxlanılır, başdan ayağadək ətraflı müayinələr aparılır və kompüter tomoqrafiyası edilir.

Söhbət mRNT texnologiyası əsasında hazırlanmış vaksindən gedir. Bu preparat xəstənin immun sistemini elə istiqamətləndirir ki, orqanizm bədxassəli şişi və metastazları özü məhv edə bilsin.

Hər bir xəstə üçün onun genetik məlumatları əsasında fərdi preparat hazırlanır. Çünki eyni xüsusiyyətlərə malik şişlər mövcud deyil.

Qeyd edək ki, akademik Qinzburq daha əvvəl vaksinlərin hazırlanmasının nəzərdə tutulduğu daha üç xərçəng növünün adını açıqlamışdı.