“Azərbaycanda da eyvanda siqaret çəkmək qadağan edilsin” – Millət vəkili Rusiya təcrübəsini alqışlayır

0
563

“Azərbaycanda da eyvanda siqaret çəkmək qadağan edilsin” – Millət vəkili Rusiya təcrübəsini alqışlayır
“Rusiyada tətbiq edilən qadağanın Azərbaycanda da tətbiqinə nail olmaq üçün cəza mexanizmi olmalıdır. Həm də bu cəzalar ağır olmalıdır ki, insanlar həmin zərərli davranışları tərgitsinlər. Ölkəmizdə də qonşu ölkədə olduğu kimi, mənzillərin eyvanlarında kabab bişirməyi, siqaret yandırmağı qadağan etmək mümkündür və bu lazımdır. Amma bundan öncə maarifləndirmə işlərinin aparılması vacibdir”.

Bu sözləri millət vəkili Araz Əlizadə Rusiyanın yanğından mühafizə rejiminə dəyişiklikləri təsdiqləməsindən sonra mənzilllərin eyvanında açıq oddan istifadə etmək, kabab bişirmək, şam və siqaret yandırmaq qadağasının ölkəmizdə də tətbiqinə münasibət bildirərkən deyib. Millət vəkili hesab edir ki, Rusiyanın bu təcrübəsi ölkəmizdə də tətbiq edilməlidir. Amma o Azərbaycan insanının belə bir qadağaya riayyət edəcəyinə inanmır:

“Qapalı məkanlarda tütündən istifadə əleyhinə qanun qəbul edildi, ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyuldu. Amma bütün kafelərdə, qapalı məkanlarda yenə də siqaret, qəlyan çəkməkdə davam edirlər. Məktəblərin yanında siqaret satırlar. Yəni, sözümün canı odur ki, qanun qəbul edəndə onun mexanizmini də hazırlamaq lazımdır”.

Deputat təcrübəyə əsaslanaraq hesab edir ki, cəza mexanizmləri olmadan belə qanunların qəbulu heç bir real nəticə verməyəcək.