Acı Həqiqət – İsa Nəcəfovun siyasi puplisistik əsəri

0
1774

Azərbaycan naminə mübarizə 

Axşam saat səkkiz idi. Prezident yenicə şam yeməyinə başlamış, hələ ilk tikəsini udmamışdı. Düşüncələri onu rahat buraxmırdı. Neft müqavilələrinin uğurla bağlanması üçün hər şey edilmişdi. Bu, tarixi bir proses idi. Qonşu ölkələrin bu hadisəyə necə yanaşacaqları da çoxdan götür-qoy edilmişdi. Bütün bunlar kino kadrları kimi bircə-bircə gözləri önündən keçirdi.

Rusiya tərəfindən hər hansı bir narazılığın qarşısını almaq üçün bu layihələr ilk dəfə Yeltsin hökümətinə təklif olunsa da, Rusiya ağır iqtisadi və siyasi böhran içərisində olduğuna görə təklifdən imtina etmişdi. Hətta Baş nazir Viktor Stepanoviç Çernomırdin onun şəxsi təklifinə baxmayaraq, müxtəlif bəhanələrlə Bakıya səfər etməkdən imtina etmişdi. Halbuki, Baş nazirin ona xüsusi rəğbəti olduğuna da tam əmin idi. Görünür, buna mane olan prezident Yeltsin idi.

Digər tərəfdən, ABŞ-ın müxtəlif hakimiyyət dairələrindəki tərəfdarlarının SSRİ-nin dağılmasında müstəsna rolu olduğuna görə prezident Yeltsini hələ dəstəkləyir, kommunistlərin hakimiyyətə gəlməsinə imkan verilmirdi. Neft müqavilələri əsasən Qərbin neft şirkətləri ilə bağlanacaqdı. Hələ bir yandan da, Şimali Qafqazda – Çeçenistan Respublikasında başlamış milli azadlıq hərəkatı da getdikcə alovlanmaqda idi. Regiondakı proseslərin hamısı neft müqavilələrinin bağlanmasına daha əlverişli şərait yaradırdı.

Prezident İran İslam Respublikasından razı idi. Bu müsəlman dövlətinin ortaq tarixi-mədəni dəyərlərə görə Azərbaycanda  maraqları vardı. Lakin indiki durumları Qərbin və Amerikanın iqtisadi sanksiyalarına görə o qədər də ürəkaçan deyildi. Digər tərəfdən, qonşu ölkənin dövlət başçıları Prezidentə və onun şəxsiyyətinə xüsusi rəğbət bəsləyirdilər. Deməli, cənubdan heç bir təhlükə ola bilməzdi.

            Prezidentin Türkiyə prezidenti Süleyman Dəmirəllə tarixi dostluğu ona tam qətiyyətlə hərəkət etməyə imkan verirdi. Lakin Türkiyə idarəçilik sistemi Parlamentli Respublika olduğuna görə Türkiyə prezidentinin siyasi məsələlərə o qədər də təsiri olmurdu. Eyni zamanda, Tansu Çillər höküməti Amerikapərəst idi. Bu da ona inam verirdi ki, Türkiyə hökuməti layihəyə heç vaxt mane olmayacaq. Digər tərəfdən də, Bakı-Ceyhan layihəsində Türkiyənin 1,75 faiz payı vardı.

Qonşu Gürcüstan dövlətinin siyasi kursu daim dəyişirdi. Lakin orada çoxlu sayda azərbaycanlı icması mövcud idi. Onların sözsuz ki, Gürcüstanın daxili və xarici siyasətinə az da olsa təsiri vardı. Prezidentin Şevarnadze ilə əlaqələri və münasibətləri zahirən yaxşı idi. Amma Şevarnadzenin SSRİ-nin dağılmasında xüsusi rolu vardı. Qərbin yardımı olmadan o, hakimiyyətdə qala bilməyəcəkdi. Almaniya ona xüsusi rəğbət bəsləyirdi. Lakin Almaniya bu vaxt Amerikanın nüfuz dairəsində olduğuna görə Gürcüstan tərəfindən narahat olmağa dəyməzdi.

Ermənistan isə müharibənin ağırlığından üzülmüşdü. May müqaviləsi (14 may 1994-cü il) iki ölkə arasındakı qırğını dayandırmışdı. Ona görə də, ermənilərin beynəlxalq hadisələrə heç bir təsiri olmayacaqdı…

… Bu vaxt qapının açılması prezidenti ani düşüncələrdən ayırdı. Bəylər içəri daxil oldu.

– Bağışlayın, cənab prezident. Aldığımız məlumat təcili və mühüm xarakterli olduğuna görə sizi şam yeməyinizdən ayırmağa cəsarət elədim.

Prezident tələsmədən çəngəl və bıçağı stolun üstünə qoydu. Bəylərin qovluğun içindən götürüb ona uzatdığı sənədi aldı. Nəzərlərini diqqətlə sənədin üzərində gəzdirdi.

– Təcili cavab verin, gəlsin. Ona istədiyi şəraiti yaradın.

Bəylər: “Baş üstə” deyib otağı tərk etdi. “Görünür nəsə fikrimdən çıxıb”, – deyə fikrindən keçirdi.

Prezident uzun illər vərdiş etdiyi adətinə xilaf çıxmadan şam yeməyinə davam etdi. “Dünənki rəqiblər bir gün dost olurlar. Həyatın qəribə keşməkeşliyi varmış”.

Xarici Mərkəzi Kəşfiyyat İdarəsi dünyanın ən nüfuzlu təşkilatı, SSRİ-nin dağılmasının ən fəal iştirakçısı idi. Lakin DTK-nın Birinci idarəsi də ondan geri qalmırdı. Sovetlər İttifaqında L.Brejnevdən sonra Baş katiblərin bir-birinin ardınca dünyasını dəyişməsi, Qərbin və ermənilərin əlində oyuncağa çevrilən fərsiz M.Qarbaçovun hakimiyyətə gətirilməsi nəticə etibarı ilə SSRİ-nin dağılmasına gətirib çıxardı. Bundan sonra millətlər arasında düşmənçilik toxumu səpildi və sürətlə cücərməyə başladı. 1985-ci ildə hüquq mühafizə orqanları ictimai-siyasi həyatdan təcrid edildi. Vətənpərvər, peşəkar kadrlara qarşı siyasi aksiyalar həyata keçirildi. Ittifaqın və müttəfiq respublikaların hakimiyyətini müdafiə edən sütunlar dağıdıldı. Böyük bir dövlət başdan-başa hərc- mərclik girdabına yuvarlandı. Sual olunurdu: “kimdir müqəssir?” “Kimdir cümlə xəyanətlərə bais!?”

Mərkəzi Kəşfiyyat İdarəsinin rəis müavininin Bakıya təcili gəlişinin səbəbi nə idi? Axı, hər şey ətraflı təhlil edilmişdi. Ölkədə bütün mövcud qüvvələrin məqsədi, xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələri, aldıqları yardımı, ictimai-siyasi bazası, kütlə arasında çəkisi və ilaxır tam və hərtərəfli  öyrənilmişdi.

Prezident yenə ölkədə mövcud olan ictimai-siyasi vəziyyəti ağlının süzgəcindən keçirməyə başladı. Süni şəkildə Talış-Muğan respublikası yaratmaq istəyində olan Əlikram Hümbətov artıq insanlara təsir göstərə bilməzdi. Onun seperatiçı hərəkətı artıq iflasa uğramış, haqqında cinayət işi başlamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılırdı. Cənub bölgəsində, demək olar ki, heç kim onun boşluğa yuvarlanmış puç ideyalarına belə yaxın durmurdu.

Ətrafı tərəfindən hələ də “Lələ” adlandırılan Baş nazir Surət Hüseynov nüfuzunu itirmişdi və hökmranlığını qoruyub saxlaya bilmirdi. Dünyəvi ictimai-siyasi işlərdən başı çıxmırdı, Yun fabrikinin hesabına haram pul qazanımaqla zənginləşən və guya nüfuz qazanan bu şəxs siyasi idarəçilikdə olduqca naşı idi. QRU-nun sadiq müti adamıydı. Onun arxasında nə xalq kütləsi, nə də güclü hərbi qüvvə dayanırdı. Ən yaxşı halda, o, pul gücünə meydana aldadılmış 300-500 adam çıxara bilərdi.

Sadval isə Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycanın şimal bölgəsində yaradılmışdı. Yaranışının ilkin zamanında ölkə daxilində ictimai proseslərə müəyyən dərəcədə təsir göstərə bilərdi. Federal Təhlükəsizlik Xidməti  Sadvaldan hakimiyyətə qarşı vasitə kimi istifadə edə bilməzdi. Prezidentin dövlət hüdudlarından kənarda Cənubi və Şimali Qafqazda böyük nüfuzu vardı. Sadvalın dəstəklənməsi, Rusiyanın hüdudlarında muxtariyyat qurumunda yaşayan xalqların və etnik qurumların arasında çaxnaşmaya gətirib çıxara bilərdi. Şərq müsəlman ölkələrinin xüsusi xidmət orqanları Rusiya düşmənlərinin təhrikilə bu prosesləri alovlandıra bilərdi. Nəticədə, uzun illər davam edərək alovlu bir qırğın ocağı yaranacaqdı. Federal Təhlükəsizlik Xidməti isə buna heç zaman razı ola bilməzdi.

OMON-dakı Rövşən və Mahir Cavadov qardaşları Türkiyə Respublikasının MİT-i tərəfindən dəstəklənirdi. Səfir Altman Karamanoğlu açıq-aşkar onlara himayədarlıq edir, Türkiyə höküməti səviyyəsində görüşlər təşkil edirdi. Bu, döyüş görmüş silahlı bir qüvvə idi. Xalq arasında azacıq da olsa hörməti vardı. Lakin bu nüfuz qorxu nəticəsində qazanılmışdı.

Ökənin Daxili İşlər nazirliyi yaradılmış bu qurumu idarə edə bilmir, onun nüfuzu dairəsindən çox kənarda idi. Lakin xalqın əksəriyyəti OMON-un cinayətkar hərəkətlərindən boğaza yığılmış, və onun tamamilə ləğv edilməsini istəyirdi. Ancaq proses hələ yetişməmişdi, zamana ehtiyacı vardı. Qardaşlar Surət Hüseynovla birləşmək arzusunda idilər və Rusiya ilə sıx münasibət qurmağa çalışırdılar. Lakin bütün bunlara baxmayaraq, onlar tezliklə bağlanılacaq neft müqaviləsinin reallaşmasına mane törətmək iqtidarında deyildilər. Digər tərəfdən Tansu Çillər höküməti özlərinin tarixi rəqibləri  Rusiya ilə indiki şəraitdə  birgə hərəkət etmələri inanılmaz idi.

Prezident şam yeməyini bitirdi. Axşam saat doqquzda iş otağına qayıtdı. Kresloda  oturan kimi düyməni basdı.

– Bəli, cənab prezident! – köməkçi Tariyelin səsi eşidildi.

– Bəyləri yanıma çağır!

– Baş üstə. Bu dəqiqə!

Tariyel dəstəyi yerinə qoymamış Bəylər içəri daxil oldu. İrəliyə iki addım atıb dayandı.

– Yaxın gəl.

Bəylər prezidentin masasına yaxınlaşdı.

– Cavab verildimi?

– Bəli, cənab prezident, cavab almışıq, – Bəylər şifroqramı prezidentə təqdim etdi. Prezident yenidən eynəyini taxıb, şifroqramı diqqətlə oxudu.

– Demək, sabah axşam saat 23:30-da. Onun gəlməsini heç kim bilməməlidir. Kimliyi və şəxsiyyəti də gizli saxlanılmalıdır. Bu barədə Raufu da xəbərdar edin. Səndən başqa heç kim bizə xidmət etməməlidir.

– Baş üstə, cənab prezident! Hər şey mənə aydındır.

– Gedə bilərsən.

Bəylər  geri döndü və cəld addımlarla prezidentin kabinetini tərk etdi.

Nəzərdən heç nə qaçmamışdı. Azacıq da olsa nəzərə alınmış və təhlilə ehtiyacı olan bütün hallar öyrənilmişdi.

Görəsən, onun gəlişinə hansı faktlar səbəb olubdur? Əgər səbəbi varsa da, yalnız föv- qəladə hal ola bilərdi.

Prezident bir qədər də bu barədə düşündü. Sonra öz-özünə: “Gəlsin görərik”, – dedi və onu gözləyən təxirə salınmaz, ən vacib olan işlərinə başladı.

Ertəsi gün: saat 22:30

“Qolfestrim-150” markalı təyyarə Bakı hava limanına endi. Təyyarə uçuş-eniş zolağında surətini azaldaraq dayanacaq meydanında dayandı.

Saat 22:40. Təyyarəni dayanacaq meydançasında hava limanının xüsusi avtomobili müşayət edirdi. Təyyarə dayanacağına tərəf açılan deputat zalının girəcək qapısında iki adam, yaxınlıqda isə qara rəngli “Mersedes” markalı avtomobil dayanmışdı. Bir neçə dəqiqə sonra təyyarə bu adamlardan 25-30 metr aralıda dayandı.

Bəylər dilləndi:

– Rauf,getdik.

Onlar təyyarənin qapısı açılanda və trap yerə dəyəndə ora çatdılar. “Mersedes” isə onlardan bir-iki addım kənarda dayanmışdı.

Təyyarədən bir nəfər endi. Onu qarşılayanları ingilis dilində salamladı. Rauf ingiliscə salamı aldı və Bəyləri qonağa təqdim etdi. Sonra özünün kimliyini bildirdi. Qonağa “xoş gəlmisiniz” deyərək ona “Mersedesə” oturmağı təklif etdi. Qonaq gülümsəyərək minnətdarlığını bildirdi, sağ tərəfdən arxa qapını açan Raufa “sağ olun” deyib avtomobilə oturdu. Bəylər sürücünün yanında, Rauf isə arxada sol qapını açaraq, qonaqla yanaşı oturdu. “Mersedes” hava limanından çıxanda, bir polis avtomobili şəhərə doğru yüksək sürətlə şütüdü. Avtomobillərin gur işığı yolu işıqlandırırdı. Yol kənarındakı hündür elerktrik dirəklərdən asılmış lampalar adda-budda yanırdı. Ətrafda can sıxıcı zülmət hökm sürürdü. Qonaq avtomobolin qapısının şüşəsini örtən pərdəni azacıq açıb çölə baxdı. Avtomobillər sərnişinləri mənzil başına çatdırmağa tələsirdilər. Bakı şəhərinə çatanda küçələrdə tək-tük avtomaşınlar görünürdü. Neftçilər prospektinə çatdılar. Küçələrdə ins-cins gözə dəymirdi, hər yan bomboş idi. Belə vaxtlarda heç kim qorxusundan küçələrə çıxmırdı. Şəhər sakinləri azğınlaşmış silahlılardan qorxurdular.

Sahil Bulvarı öz pərəstişkarlarını itirmişdi. Görəsən, onlar bir də nə vaxt bura qayıdacaqlar? Nə vaxt onun ağuşunda şaqraq gülüş sədası, sevinc dolu səslər eşidiləcəkdi? Nə vaxt sevgililər bir-birinə izhar etdikləri hərarətli sözləri eşidəcəklər? Axı, Sahil Bulvarı da canlıdır. Onun da insan nəfəsinə, isti insan hənirtisinə ehtiyacı vardır. Bulvar ağaclarının yarpaqlarının pıçıltısı nə zaman eşidiləcəkdi? Nə zaman Xəzər dənizi ləpələrinin həzin çırpıntısı bu pıçıltılara və şaqraq gülüş səslərinə qarışıb, harmonik musiqiyə çevriləcəkdi? Görəsən, insanlar onların bu istəyini duyurlarmı?!!

Zülmət qaranlıqda Ağ evin beşinci mərtəbəsindəki pəncərələrdən çıl-çıraqlar gur işıq saçırdı. Binadakı bir neçə pəncərədən də işıq düşürdü. Lakin beşinci mərtəbədən çölə axan gur işıq daha çox gözə çarpırdı.

Sanki bu gur işıqlar Sahil Bulvarının daimi sakini olan qocaman ağaclara, sahilə çırpınan ləpələrə bildirmək istəyirdi ki, qəm çəkməyin, məni yandıran, işığımdan nurlanaraq canına qəsd edən bu insan sizin arzu və istəklərinizi bilir. Çox keçməz ki, siz də sevincə, səadətə qovuşarsınız. Siz də onun kimi həyatın bu ağır anlarına, nadanların azğınlığına və təhqirinə dözüb səbr edin. Həmin gün heç də uzaqda deyil. Çünki Allah səbr edənləri sevəndir. O insan da Allahın sevgisini qazanandır. Dözün…

Yolçular Ağ evə çatdılar. İrəlidə onları müşayət edən avtomobil yolu düz keçib dayandı. “Mersedes” açılmaqda olan darvazaya yaxınlaşdı. Darvaza tam açıldı. “Mersedes” içəri şütüdü və darvaza bağlandı. Bəylər tez avtomobildən düşdü, hörmət əlaməti olaraq qonağın düşməsi üçün qapını açdı. Rauf artıq hazır vəziyyətdə idi. Qonağa ingiliscə “buyurun” deyib giriş qapısını göstərdi. Onlar qapıdan keçəndə qonaq gözətçini salamladı. Gözətçi sağ əlini gicgahına aparıb hərbi salam verdi. Liftin qapısı açıq idi. Onlar liftə daxil oldular. Bəylər “5” rəqəmli düyməni basdı, 5-ci mərtəbəyə qalxıb liftdən çıxdılar. Bəylər hörmət əlaməti olaraq sola gedən dəhlizi sağ əlilə göstərib qonağa “buyurun”dedi. Qonaq Tariyelin yanından keçib sağ tərəfə açılan qapının yanında ani olaraq dayandı. Rauf qapını açıb qonağın içəri birinci daxil olmasını təklif etdi və özü də onun ardınca Prezidentin iş otağına daxil oldu.

Qonaq bir-iki addım atıb, kreslodan qalxan Prezidenti salamladı.

– Cənab Prezident, axşamınız xeyir. Sizi görməyimə çox şadam.

Səmimi təbəssüm qonağın təraş olunmuş sifətinin cizgilərinə və parlayan alovlu gözlərinə əsl kişi əzəməti verirdi. Qonaq boyca uca və qamətli bir adam idi. Əynindəki tünd mavi kostyumu bədəninə kip oturmuşdu. Alnının qırışları onun həyatının keşmkeşli keçməsindən xəbər verirdi.

Prezident qonaq tərəfə bir neçə addım atıb üzündə təbəssüm, xoş və məlahətli səslə onun salamını aldı. Qonağının Azərbaycanın paytaxtı Bakıda görməsinə çox şad olduğunu bildirdi. Ümumi xoş əhval-ruhiyyə Raufa sirayət etsə də, görüşün vacibliyini, xüsusi əhəmiyyət kəsb etdiyiini, ciddiliyini dərk edərək soyuqqanlılıqla başlanan söhbətin fasiləsiz davam etməsi üçün bütün qabiliyyətini səfərbər edərək vəzifəsini məharətlə icra etməyə başladı.

Prezident qonağa iş otağının sağ tərəfində yerləşdirilən kresloda əyləşməyi təklif etdi və özü isə qarşı tərəfdəki kresloda oturdu. Tərcüməçi Rauf hər ikisinə yaxın əyləşdi.

– Əziz qonağımız uzaq bir yol qət etdiyindən yəqin yorğundur, – Prezident üzündə təbəssüm dedi. – Bir qitədən başqa bir qitəyə okean üzərindən uçub gəlmək o qədər də asan deyil. Mən özüm də dəfələrlə bu vəziyyəti keçirmişəm. Üzücüdür, ancaq işimiz və məqsədimiz bizdən tələb edir ki, buna dözək.

– Elədir ki var, cənab Prezident. Bakıya gəlib çatmaq üçün bir neçə dəfə yanacaq götürmək məcburiyyətində qaldıq. Lakin vəzifə borcum məndən tələb edir ki, öz missiyamı ləyaqətlə yerinə yetirim. Düzü mən yorğunluq hiss etmirəm. Əvvəlcə mənə izn verin rəhbərim cənab Robert Ceyms Vulsinin səmimi salamlarını sizə yetirim. Onun sizin şəxsiyyətinizə böyük hörməti vardır. Müstəqil dövlətinizin indiki vəziyyətindən tam xəbərdardır. Ermənistan Respublikası ilə gedən döyüşləri dayandıraraq, atəşkəs əldə etdiyinizi çox yüksək qiymətləndirir. Bunu Sizin müdrik və uzaqgörənliyiniz kimi dəyərləndirir.

Prezident sözə başlayır:

– Və aleykum salam. Salam göndərən də, onu gətirən də sağ olsun. Digər tərəfdən demək istəyirəm ki, Qafqazda baş qaldıran müharibə ocağını söndürmək, beynəlxalq hüquq normaları əsasında ədaləti bərpa etmək üçün bizim ABŞ-ın yardımına böyük ehtiyacımız vardır. Bu böyük, demokratik dövlətdən biz ədalət və yardım gözləyirik.

Lakin rəsmi söhbət getsə də, Prezidenti daha çox qonağın hansı missiyanı yerinə yetirməsi və hansı məlumatla gəlməsi maraqlandırırdı. Üzündə olan təbəssüm, adi baxışları, sadəliyi tanınmış kəşfiyyatçılardan biri olan qonağa prezidentin daxili hisslərini oxuya bilməsinə imkan vermirdi. Bu bir dəqiqəlik söhbət qonaqda prezidentə qarşı hüsn-rəğbət doğurmuşdu. “Həqiqətən də böyük şəxsiyyətlərin, hakimiyyət ustalarının və qalib çekistlərin məftun ünsiyyətindən xilas olmaq mümkün deyil,” – deyə düşündü. Mövcud mühit qonaqda belə fikri qətiləşdirdi ki, demə bu müdrik şəxsiyyətlə çoxdan yaxın tanış və rəfiqdilər.

Qonaq armudu stəkandan bir qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Diqqətlə Prezidentin gözlərinə baxıb dedi:

– Gəlişimin məqsədini Sizə çatdırmaq istəyirəm, cənab Prezident. Bu, ABŞ hökümətinin tapşırığıdır. Siz həqiqətən də neft və qaz müqavilələrini bağlamaq istəyirsiniz? Bu yolda qarşıya çıxacaq çətinliklər Sizi yarı yolda qoymayacaq ki?

– Bəli, bu mənim və dövlətimin gəldiyi qəti qərardır. Heç bir çətinlik və problem məni və dövlətimi bu yoldan sapdıra bilməz, – deyə Prezident cavab verdi.

– Cənab prezident, Mərkəzi Kəşfiyyat İdarəsində dəqiq məlumatlar var ki, müqavilə bağlanandan sonra ruslar sizin Londonda yaşayan nəvələrinizi öldürəcəklər.

Prezidentin baxışında heç bir dəyişiklik, həyəcan görünmədi. Lakin köksünün sürətlə qalxıb enməsi onun qəfil həyəcan keçirməsini sübut edirdi. O, bir anlıq susdu. Bu, bir neçə saniyə və ya dəqiqə çəksə də heç kim bunu duymadı. Araya çökmüş anisükutu onun sakit və həlim, lakin həzin səsi pozdu.

Ardı var