Prezident: “Azad olunmuş ərazilər istirahət üçün dəniz kənarında olan məkan deyil”

0
624

“Dövlət tərəfindən işğaldan azad edilən ərazilərə 2,2 milyard manat sərmayə nəzərdə tutulub. Qarabağın bərpası ilə bağlı təklif olunan investisiya proqramına əsasən, bu il icra olunacaq layihələrin vəziyyətinə gəldikdə isə artıq 1 milyard manata yaxın məbləğ ayrılıb”.

Bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev mətbuat konfransında deyib.

O məlumat verib ki, hələlik tikinti işlərinə vəsait ayrılmayıb, çünki bununla bağlı layihələr gözlənilir:

“İstəyirik ki, hər şeyi düzgün planlaşdıraq. Bakı şəhərinin planlaşdırılmasında tikinti sıçrayışı zamanı törətdiyimiz səhvlərə yenidən yol verməyək. Qarabağ zonasında bu olmamalıdır. Sonradan həmin təcrübə paralel olaraq Azərbaycanın digər ərazilərinə də yayılacaq.

Azərbaycan dövləti bütün infrastruktur layihələri sahəsini, yaşayış fondunun böyük hissəsini öz üzərinə götürəcək. Əlbəttə ki, özəl şirkətlər də razılaşdırılmış layihələr üzrə bütün şəhərsalma və ekoloji normalara riayət etməklə ora investisiya qoyuluşu edə biləcək”.

İlham Əliyev qeyd edib ki, hazırda köçkün statuslu şəxslər arasında sorğu aparılır:

“Mənim tapşırığımla köçkün statuslu şəxslər arasında sorğu keçirilir. Biz dəqiq bilməliyik ki, kim bu ərazilərə qayıtmaq istəyir. Mən də əminəm ki, hamı qayıtmaq istəyir. Lakin bəlkə kimsə getmək istəmir. Nəyə görə biz pul xərcləməliyik ona, əgər getmək istəmirsə? Əgər, o bu ərazilərə yalnız həftəsonu istirahət etməyə gedəcəksə, ona pul xərcləməyə dəyərmi? Biz o şəxslər üçün pul xərcləməliyik ki, onlar həmin ərazilərdə daimi yaşayacaq. İşğaldan azad olunmuş ərazilər istirahət üçün dəniz kənarında olan bir məkan deyil. Olmamalıdır”.