“Yumşalmalar əks-effekt verdi” – İkinci dalğa gələcək!

0
668

“Bir çoxlarında inamsızlıq yarandı. Halbuki hələ nə xəstəlik bitib, nə də vaksin tapılıb”
“Koronavirusa qarşı mübarizə ideoloji və psixoloji işə çevrilməlidir”
“Məsuliyyətsizlik davam etsə, yoluxanların sayı hətta 1000-ə çata bilər”
Koronavirusa yoluxanların sayının ikirəqəmliyə düşdüyünü eşidəndə, oxuyanda necə sevindiyimiz, yəqin ki, çoxlarının yadındadır. Amma məsuliyyətsizliyimiz ucbatından  bu sevinci doyunca yaşaya bilmədik. Bir də baxdıq ki, yoluxanların sayə yenidən kəllə-çarxa qalxdı -100, 120, 150…İndi də 200-ə yaxındır. Koronavirusa inanmayanlar, bunu bir oyun hesab edənlər, maska taxanlara, sosial məsafə saxlayanlara ikrahla baxanlar, gözünüz aydın! Amma nə olur olsun, qaydalara riayət edənlər, özlərini və əzizlərini düşünənlər də az deyil. Biz də ilk növbədə məhz onları fikirləşərək ictimai şüuru doğru istiqamətə yönəltmək məqsədilə əlimizdən gələni edirik.
Kultroloq Aydınxan Əbilov da açıqlamasında insanları daha diqqətli olmağa çağırdı:
“Avropalı ekpertlərin də bildirdiyi kimi, ikinci dalğa gələcək. Bu, ya güclü, ya da zəif olacaq. Biz ikinci dalğanı artıq müşahidə edirik. Avropadakı növbəti dalğa zəifliyi ilə seçildi. Azərbaycanda isə yumşalmalar əks-effekt verdi. Məsuliyyətsizlik, etinazlıq artdı. Bir çoxlarında inamsızlıq yarandı.
Halbuki hələ nə xəstəlik bitib, nə də vaksin tapılıb. Mövsümün dəyişilməsi ilə əlaqədər olaraq payıza doğru orqanizmdə müəyyən zəifləmələrin olacağını nəzərə almaq lazımdır. Biz buna indidən hazırlaşmalıyıq. Koronavirusa qarşı mübarizə ideoloji və psixoloji işə çevrilməlidir. Məsuliyyət hissimizi artırmalıyıq.
Bu, qadağaların sərtləşməsi, cərimələrin artırılması, ictimai qınaq, ziyalıların sərt tənqidi və maarifləndirmə ilə həyata keçirilməlidir. Əfsuslar olsun ki, bəzi aydınlar “Mənə nə?” düşüncəsi ilə çıxış edərək sərt mövqe sərgiləmirlər. Düzdür, soyuqqanlı olmaq yaxşıdır. Bu, koronavirusla mübarizədə bizə kömək edən məqamdır. Amma məsuliyyətsizlik davam etsə, yoluxanların sayı hətta 1000-ə çata bilər”.
A.Əbilov, həmçinin bildirib ki, indiki – gələcəyi hələ qaranlıq gördüyümüz bir məqamda ailə həyatı qurmaq da təhlükəli ola bilər:
 “Müğənni toy, molla yas arzusundadır. Buna görə də bəzən hətta dezinformasiyalar yayılır. Amma nəzərə almaq lazımdır ki, biz koronavirusun fəlsəfəsinə hələ tam bələd deyilik.
Fikrimcə, bu xəstəlik dünyaya yeni gələn uşaqların sağlamlıqlarına, o cümlədən fiziologiyasına təsir edə bilər. İzdivaca girən cütlüklərin körpələrinin immunitet baxımından zəif olması və onlarda daun xəstəliyinin yaranması istisna deyil. Bu mənada mövcud qaydalara ciddi-cəhdlə əməl etməkdə fayda var”.