Nazir Ağdaşda ailə təsərrüfatlarına baş çəkdi

0
684

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla birgə bu rayonda aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış ailə təsərrüfatlarına baxış keçiriblər.

Yeni təsərrüfatların sahibləri ilə görüşündə S.Babayev prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramının aztəminatlı ailələrin bu və ya digər iqtisadi fəaliyyət növündə kiçik ailə bizneslərini qurmalarına şərait yaratdığını bildirib. Nazir proqram iştirakçılarının bu imkandan düzgün və bacarıqla istifadə edərək, yeni yaradılmış təsərrüfatlarını genişləndirmək istiqamətində səylərini daim artıracaqlarına əmin olduğunu qeyd edib.

Proqram iştirakçıları göstərilən yüksək qayğıya, həmçinin aztəminatlı ailələrin kiçik biznesə sahib olmaları üçün yaradılan şəraitə görə prezidentə dərin minnətdarlıqlarını bildiriblər. Onlar öz təsərrüfatlarını inkişaf etdirmək əzmində olduqlarını vurğulayıblar.

Ağdaş rayonunda ötən il 66 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilərək, verilmiş aktivlər (mal və materiallar) hesabına kiçik ailə təsərrüfatlarını yaradıb. Onlardan 12 nəfəri əlilliyi olan şəxs, 3 nəfəri sağlamlıq imkanları məhdud uşaqları olan valideyn, 3 nəfəri müharibə veteranı, 2 nəfəri məcburi köçkün, 12 nəfəri gəncdir. Digər vətəndaşlar isə əsasən çoxuşaqllı ailələri olan vətəndaşlardır. Yaradılan təsərrüfatlardan böyük hissəsi heyvandarlıq üzrədir, qalanları isə istehsal və xidmət sahələri kimi formalaşıb.