Sevinc Abbasova vəzifəsinə geri qayıdacaq?- RƏSMİ

0
713

Paytaxtdakı 162 nömrəli tam orta məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi Əfqan İsgəndərov tərəfindən hər hansı iclas keçirilməyib.

Bu sözləri axar.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sözügedən məktəbin direktoru Sevinc Abbasovanın məktəbdə baş verən intihar hadisəsindən sonra araşdırma müddətində vəzifəsindən uzaqlaşdırılması ilə bağlı məktəbdə iclas keçirilməsi və iclasda müəllimlərə direktor S.Abbasovanın yaxın günlərdə vəzifəsinə qayıdacağı barədə deyilənlərə aydınlıq gətirərkən bildiriblər.

Təhsil İdarəsi yayılan məlumatı təkzib edib:

“Qeyd olunan məzmunda, yəni direktor Sevinc Abbasovanın ara sakitləşəndən sonra vəzifəsinə qaytarılacağı ilə bağlı hər hansı fikir səsləndirilməyib. Qeyd olunan məlumatlar həqiqətə uyğun deyil”.

Xatırladaq ki, baş vermiş intihar faktı ilə əlaqədar 8 aprel tarixində Təhsil Nazirliyi yaydığı məlumatda bildirmişdi ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.

Məktəbdəki mənbənin verdiyi məlumata görə isə 8-ci sinif şagirdinin intiharı ilə əlaqədar araşdırma müddətində vəzifəsindən uzaqlaşdırılan Sevinc Abbasova yenidən vəzifəsinə qayıdacaq. Bununla bağlı məktəb direktoru vəzifəsini müvəqqəti icra edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi Əfqan Kərəm oğlu İsgəndərov iclas da təşkil edib. İddiaya görə, Ə.İsgəndərov müəllimlərə bildirilib ki, S.Abbasova baş verən hadisə və yayılan səs yazısı unudulandan və “ara sakitləşəndən” sonra yenidən vəzifə başında olacaq. İddia olunub ki, S.Abbasova ən pis halda töhmət alacaq, vəssalam!