Azərbaycanlı aktrisa və ailəsi koronavirusa yoluxdu

0
315

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Şəfəq Əliyeva və ailə üzvləri koronavirusa yoluxub.

Bu barədə aktrisa özü məlumat verib.

O bildirib ki, həyat yoldaşı, Xalq artisti Rafiq Əliyevin dəfnindən evə qayıdan kimi ailə üzvlərinin hərarəti yüksəlib:

“Rafiqi unutduq, öz hayımıza düşdük. Onsuz da yas mərasimi keçirmək olmazdı, başımıza gələnlərdən sonra heç o barədə düşünə də bilmədik.

Mən, oğlum, qızım, iki nəvəm, baldızlarım – hamımız koronavirusla bağlı müxtəlif klinikalarda yerləşdirildik”.

Ailədə xəstəliyi ən ağır keçirən Şəfəq Əliyeva olub. Oğlu, nəvələri xəstəliyi yüngül keçiriblər, ondan əvvəl sağalıblar. Şəfəq xanım və qızı Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında eyni palatada müalicə olunublar. 18 gündən sonra sağalan aktrisa evə buraxılıb. Bu günlərdə isə qızı evə buraxılacaq və evdə iki həftə karantində qalacaq:

“Çoxları bu virusa inanmır, müxtəlif sözlər deyirlər. Mən bunu yaşadım. Ailəlikcə yaşadıq. Klinikalar xəstələrlə doludur. Mən süni tənəffüs aparatına qoşulmuşdum. Sağ olsunlar, həkimlərimizə çox minnətdaram, yaşamağım üçün mübarizə apardılar.

Harada, necə yoluxduğumuzu bilmirəm, biz karantin rejimində evdə idik, qorunurduq. İki ay idi Rafiqin yastığının kənarında oturmuşdum. Rafiq onkoloji xəstəlikdən əziyyət çəkirdi. Hökumətimiz sağ olsun, iki dəfə İstanbulda müalicə aldı, əməliyyat olundu, ömrü bir az uzandı, sonunda onu itirdik. Dediklərimi yazın ki, hamı bilsin, bu xəstəliklə bağlı maariflənsin, özlərini, əzizlərini qorusunlar! Bu virusla zarafat etmək olmaz, ciddi məsələdir. 18 gün ölümlə üzbəüz oldum.

Karantin bitən kimi efirlərdə bu barədə danışacağam ki, heç kim mən yaşayanı yaşamasın”.