Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə yayıldı – “Nəticələri ləğv olunacaq”

0
830

Məlum olduğu kimi, aprelin 7-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. İmtahanla bağlı cəmiyyət tərəfindən birmənalı qarşılanmayan məqamlardan biri imtahandan sonra bəzi şagirdlərin sualları internetdə paylaşması olub.

Məsələ ilə bağlı DİM-dən bildirildi ki, belə hallara yol verən şagirdlər barkodlar vasitəilə asanlıqla müəyyən edilir və onların imtahan nəticələri ləğv olunur: “Ona görə imtahanda iştirak edəcək şagirdlərə tövsiyəmiz odur ki, imtahan qaydalarına düzgün əməl etsinlər, əks-təqdirdə həmin şagirdlərin nəticələri ləğv olunacaq”.

Təhsil üzrə ekspert Kamran Əsədov məsələ ilə bağlı lent.az-a açıqlama verib: “Təəssüflər olsun ki, imtahandan sonra sosial şəbəkələrdə imtahan bitdikdə sual kitabçası nəzarətçiyə təhvil verilməli olduğu halda, bəzi şagirdlərin internetdə imtahana düşən sualları paylaşma hallarının şahidi olduq. Bu, onu göstərir ki, imtahanların təşkili və təhlükəsizliyi yaxşı təşkil olunmayıb. İmtahan nəzarətçiləri, imtahan rəhbərləri vəzifələrinin öhdəsindən gələ bilməyiblər, səhlənkarlığa yol veriblər. Bilirsiz ki, imtahanlar bölgələr üzrə fərqli tarixlərdə keçirildiyindən sosial şəbəkələrdə yayılan bu cavablar və həll yolları hələ imtahan verməmiş hər hansı bölgə abituriyentinin, sadə dildə desək, işinə yarayır. Məsələn, Bakıda imtahan verən şagird sual kitabçasını hər hansı qeyri-qanuni yolla əldə edibsə, bunu sosial şəbəkədə paylaşaraq və ya sualları müəlliminə ötürərək növbəti günlər ərzində imtahan verəcək şagirdlərə “yardım” etməyə çalışır”.

K.Əsədov onu da vurğulayıb ki, əslində sual kitabçasını çıxarmağa nail olan şagirdlər özlərinə ziyan vurmuş olurlar. “Belə ki, növbəti imtahan verəcək şagirdin nəticəsi ondan yüksək olacaq və yekunda sualları paylaşan şəxsdən çox bal toplayıb uğur qazanacaq”.

Təhsil eksperti onu da deyib ki, bölgələr üzrə fərqli tarixlərdə keçirilən buraxılış imtahanlarında istifadə olunan suallar bir-birindən tamamilə fərqlidir. “Amma sualların quruluşu, test tapşırıqlarının tipi baxımında oxşarlıq ola bilər və olacaq. Bütün hallarda buraxılış imtahanlarından sual kitabçalarının çıxarılması qəti şəkildə qadağan olunduğu halda, bunun həyata keçirilməsi imtahanın təşkililindəki qüsurları göstərir. Buna görə şagirdləri cəzalandırmaq yerinə, imtahanı təşkil edənlər işlərinə daha ciddi, daha peşəkar yanaşmalıdırlar. Onların səhlənkarlığının, vəzifələrinin öhtəsindən gələ bilməməsinin cəzasını şagirdlər çəkməməlidirlər. Onlar boşluqdan istifadə ediblər və fəaliyyətlərindəki yarıtmazlığı göstəriblər”.

K.Əsədov imtahanla bağlı vacib məqamı bir daha xatırladıb. Dediyinə görə, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq: “Ona görə də imtahanın birinci mərhələsi olduqca önəmlidir. Yəni, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər”.