“Böyük yoluxma hadisələri görmədik” – Oqtay Şirəliyev

0
323

“Respublikamızda dəflərlə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionunun direktoru Hans Krügge vurğuladı ki, Prezident İlham Əliyevin səhiyyəyə olan diqqəti və siyasi dəstəyi nəticəsində Azərbaycan səhiyyəsinin gözəl infrastrukturu və maddi texniki bazası var və çox fəal işləyir”.

Bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” verilişində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrinin səhiyyə rəhbərlərinin onlayn görüşü barədə danışarkən deyib.

Oqtay Şirəliyev deyib ki, səhiyyə rəhbərlərinin onlayn görüşü çox səmimi və maraqlı keçib.

“Əlbəttə biz koronavirusla bağlı digər ölkələrdə olan vəziyyəti izləyirik. Ancaq bir var mətbuatdan öyrənəsən, bir də var, həmin ölkənin səhiyyəsinin rəhbəri o barədə dəqiq, obyektiv məlumat versin. Suallar çox idi. Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli Mehriban Əliyevanın sözü ilə desək, bu qədər informasiya bolluğunun olmasına baxmayaraq, suallar cavablardan daha çoxdur.

İlk növbədə bütün iştirakçıları bizim ölkələrdə epidemiyanın qarşısının necə alınması maraqlandırırdı. Problemlər bir olduğu kimi, demək olar ki, yanaşma da eynidir. Həm bizdə, həm də digər ölkələrdə əsas məqsəd xəstəliyin daxil olmasının qarşısını almaq idi. İlk növbədə, qabaqlayıcı tədbir kimi gələnlərin yoxlanması, karantin tədbirləri və nəhayət sərhədlərin bağlanması baş tutdu”.

O.Şirəliyev bildirib ki, ikinci mərhələdə məqsəd daxildə xəstəliyin yayılmasının qarşısını almaq idi.

“Hamını maraqlandıran məsələ də ciddi karantin rejimi idi. Əlbəttə ki, epidemiya olanda başqa yol yoxdur və karantin rejimi mütləqdir. Digər tərəfdən bu, ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir və problemlər yaradır. Mən orada bildirdim ki, bizdə ölkə rəhbəri birmənalı bəyanat verərək, ən vacib məsələnin insanların sağlamlığı olduğunu deyib. Ona görə də karantin rejimi vəziyyətdən asılı olaraq nə qədər lazımdır tətbiq olunacaq”.

Nazir qeyd edib ki, hamını maraqlandıran digər məsələ epidemioloji vəziyyət idi.

“Bildiyimiz kimi, bir xəstə nə qədər adamı yoluxdura bilər. Bizdə də virus aşkar olunan şəxsin ətrafı, kontaktda olduğu şəxslər öyrənildi və epidemioloqlar çox böyük işlər gördülər. Hazırda 1 678 yoluxma faktı var. Bununla yanaşı minlərlə insanda lazımi testlər aparılaraq yoxlamadan keçiriliblər.

Nəhayət, xəstələrin müalicəsinə gəldikdə, bildiyimiz kimi, bu, bir çox ölkələrdə çox böyük problemlər yaradıb və hətta xəstələri yatırtmağa çarpayılar da çatmırdı, bəzən başqa ölkələrə aparmağa məcbur olurdular. Bütün bunlar qabaqlayıcı tədbirlərin vaxtında görülməməsinə görə idi.

Biz o problemlərlə, demək olar ki, rastlaşmamışıq. Çünki tədbirlər vaxtında, çevik, vəziyyətdən asılı olaraq tətbiq edildi və böyük yoluxma hadisələri görmədik. Həmçinin Prezidentin zirvə görüşündə də dediyi kimi, bizim səhiyyə strukturumuz kifayət qədər çevikdir, bu arada bir qədər də gücləndi. Yeni xəstəxanalar tikilir, bölgələrdə də xəstəxanalarımız müasirdir. Lazım olan bütün təchizatlar var. Ona görə də regionlarda da xəstə aşkar olunanda onları paytaxta gətirməyə ehtiyac qalmır, bütün lazımi tədbirlər görülür. Bu, həm xəstəyə rahatlıq olur, həm də epidemioloji baxımdan xəstəliyin qayılmasının qarşısını alır”.

Səhiyyə naziri deyib ki, səhiyyə rəhbərlərinin onlayn görüşündə bu barədə danışılıb və hamı öz fikrini bölüşüb.