Pandemiya dövründə də xoş xəbər olmalıdır – Ciddi ucuzlaşma gəlir

0
509

Hazırda pomidorun qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2-3 dəfə aşağıdır. Daxili bazarda məhsul boldur, fermerlər keyfiyyətli məhsullarla bazarı təmin edirlər”

Xalid Məmmədov, Sputnik Azərbaycan

 Bu gün koronavirus pandemiyası ilə əlaqədar bütün dünya ölkələri üçün çətin dövrdür. Pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər iqtisadi proseslərə ciddi təsir göstərir və karantin rejimi ləğv olunduqdan sonra da göstərəcək. Çünki ölkələr arasında iqtisadi əlaqələrin böyük hissəsi dayanıb, yalnız yükdaşımalar həyata keçirilir.

Bəs, tətbiq edilən məhdudiyyətlər ölkəmizdə kənd təsərrüfatının ixracına necə təsir göstərəcək? Ölkədə kənd təsərrüfatı məhsulları üzrə qiymətlərin ucuzlaşması gözlənilirmi?

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, bizdə ixrac ilkin yaz dövründə əsasən kənd təsərrüfatının faraş yetişən məhsulları üzərində qurulub: “Tez yetişən məhsulları xaricə, əsasən də Rusiyaya göndərirdik. Aprel-may aylarında bu məhsullara faraş yetişən kartof və soğan liderlik edirdi. Bu dövrdə əsasən kartof və soğan ixrac edilirdi və daha çox Rusiya bazarında baha qiymətə satılırdı. Bu və ya digər ölkələrdə yükdaşımalara məhdudiyyət o qədər də qoyulmayıb. Amma tətbiq edilən məhdudiyyətlər kənd təsərrüfatının ixracına müəyyən dərəcədə təsir göstərəcək. Ola bilər, digər ölkələr əvvəlki dövrdəki qədər məhsul qəbul etməsin. Buna hazır olmaq lazımdır”.

“Xarici ölkəyə göndərilə bilməyən məhsulun ikinci istiqaməti daxili bazardır. Amma bu da bir riskdir. Xarici ölkəyə göndərilə bilməyən məhsul ya daxili istehlaka yönəldilməli, ya da emal infrastrukturu olmalıdır ki, məhsullar konservləşdirilsin, saxlama imkanları olsun. Və biz qeyri-mövsümlərdə də bu məhsulları daxil istehlaka cəlb edə bilək. Burada emal prosesi qurulmalı və bu, kənd təsərrüfatının inkişafında nəzərə alınmalıdır” – deyə o qeyd edib.

N.Nəsirli bildirib ki, Azərbaycanda təxminən 1 həftədən sonra tərəvəz məhsullarının yığımı kütləviləşək: “Hazırda hissə-hissə yığım başlanılıb. Ağdam, Ağcabədi, Beyləqanda faraş yetişən soğanın, cənub bölgəsində bir sıra faraş məhsulların (kartof və s.) yığımı başlayıb. Təxminən 7-10 gündən sonra yazlıq məhsullar bazara çıxacaq və bu, bazardakı qiymətlərə çox ciddi təsir edəcək, xüsusən o məhsullara ki, bu gün bahalıdır. Məsələn, kartof və soğanın qiymətinə təsir edəcək. Ümumiyyətlə, aprel ayında faraş məhsulların çıxması ilə kənd təsərrüfatı məhsullarının qiyməti ucuzlaşır, stabilləşir”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev də Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda faraş tərəvəzlərin yığım dövrü başlayıb: “Pandemiyanın kənd təsərrüfatına o qədər də təsiri yoxdur. Hazırda kənd təsərrüfatında çalışanlar işləyirlər və burada çətinlik görmürəm, çünki bu il məhsul boldur. Məsələn, hazırda pomidorun qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2-3 dəfə aşağıdır. Hazırda daxili bazarda məhsul boldur, fermerlər keyfiyyətli məhsullarla bazarı təmin edirlər. Üzü yaya doğru qiymətlər daha da ucuzlaşacaq”.