Deputatdan məsuliyyətsiz vətəndaşlara: “Uşaqları da yanımıza salıb yenə də heç nə olmamış kimi küçə-bazarda gəzib-dolaşırıq”

0
415

“Dünya Səhiyyə Təşkilatı Azərbaycan dövlətinin koronavirusla bağlı atdığı addımları təqdir edir. Bir çox ölkələrdə də dövlətimizin koronavirusun geniş yayılmasının qarşısını almaq və bundan az itkilə çıxmaq üçün gördüyü sistemli tədbirlər örnək kimi göstərilir”.

Bunu deputat Sahib Alıyev deyib.

O bildirib ki, çoxları məhsuliyyətsizlik edir:

“Bəs cəmiyyət olaraq necə, koronavirusa yoluxmaq təhlükəsinin artdığı indiki günlərdə davranışımız örnək sayıla bilərmi? Bunu bilmək üçün sadəcə evinizin pəncərəsindən küçələrə baxmaq yetər.

Təəssüf ki, bəziləri maskaya, spirtə kütləvi ehtiyac yaranan zaman necə girəvəçiliyə, möhtəkirliyə yol verirdilərsə, indi də bir çoxlarımız onlardan betər məsuliyyətsizlik edirik. Bunun təhlükəli olması haqda bütün xəbərdarlıqları qulaqardına vuraraq uşaqları da yanımıza salıb yenə də heç nə olmamış kimi küçə-bazarda gəzib-dolaşırıq.

Əziz atalar, analar, qardaşlar, bacılar, gənclər və uşqlar, bu cür məsuliyyətsiz davranışımızla təkcə özümüzü deyil, doğmalarımızı, əzizlərimizi, yaxınlarımızı, indiyədək heç bir pisliklərini görmədiyimiz onlarla başqa adamları ölüm təhlükəsiylə üz-üzə qoyuruq.

Anlamalıyıq ki, bu gün koronavirus təhlükəsilə bağlı edilən xəbərdarlıqları görməzdən gəlmək sadəcə məsuliyyətsizlik deyil, həm də cinayətdir və bizə “ən yaxşı azərbaycanlı ölmüş azərbaycanlıdır” düşüncəsiylə yanaşan düşmənlərimizə xidmətdir!”