Dünyaya dəbi diktə edən qadınlar – TOP 7

0
452

Moda dünyasını kişilərin idarə etdiyi hesab olunur. Həqiqətən də, bir çox moda evləri kişilərə məxsusdur. Lakin ən məşhur elit dəb evləri arasında qadınlar tərəfindən idarə olunanlar da var.

Dəb aləminin qadınların idarə etdiyi yeddi lüks şirkətini təqdim edirik:

“Prada”

Şirkətin rəhbəri: Miuçça Prada

Miuçça Prada 1978-ci ildən “Prada”ya rəhbərlik edir. Brend onun babası tərəfindən 1913-cu ildə təsis edilib, həmin vaxt o, dəridən məmulatlar hazırlayan şirkət idi.

Zamanla “Prada” dünyanın ən zəngin moda evlərindən birinə çevrilib. 1989-cu ildə Miuçça ilk geyim kolleksiyasını buraxıb.

“Rodarte”

Şirkətin rəhbəri: Keyt və Laura Mallivi

“Rodarte” şirkəti 2005-ci ildə Keyt və Laura Mallivi bacıları tərəfindən təsis edilib. Bacılar detallara ciddi diqqət yetirmələri ilə məşhurdurlar. Erkən kolleksiyadan olan paltarlardan birinin hazırlanmasına 150 saatdan çox vaxt sərf edilmişdi.

“Alexander McQueen”

Şirkətin rəhbəri: Sara Berton

2010-cu ildə Aleksandr Makkuinin ölümündən sonra şirkətin kreativ direktor postu Sara Bertona həvalə edilib.

O, 2011-ci ildə Keyt Middltonun toy paltarının dizayneri olduqdan sonra bütün dünyada tanındı. Berton, həmçinin Pippa Middltonun da paltarının dizayneri idi.

Berton 2019-cu ildə “CFDA International Award” mükafatına layiq görülüb.

“Chloé”

Şirkətin rəhbəri: Nataşa Ramsey-Levi

Nataşa Ramsey-Levi “Chloé”nin kreativ direktoru vəzifəsini 2017-ci ildən tutur. O, özünün ilk “Chloé” kolleksiyasını 2017-ci ilin sentyabr ayında təqdim edib. Ramsey-Levinin debütü moda aləminin tənqidçi və ekspertlərini heyran etmişdi.

“Givenchy”

Şirkətin rəhbəri: Kler Ueyt Keller

“Givenchy”nin kreativ direktoru vəzifəsi 2017-ci ildən Kler Ueyt Kellerə  həvalə edilib.

Bundan əvvəl isə o, “Calvin Klein”, “Gucci” və “Chloé” kimi şirkətlərdə işləmişdi. O, Meqan Marklın gəlinlik paltarının dizayneri olmaqla məşhurlaşmışdı.

“Chanel”

Şirkətin rəhbəri: Vircini Viar

Karl Laqerfeldin ölümündən sonra 2019-cu ildə “Chanel”in kreativ direktoru postuna Vircini Viar təyin edilmişdi.

O, şirkətə 1987-ci ildə gəlmişdi və zamanla Laqerfeldin sağ əli olmuşdu.

“Fendi”

Şirkətin rəhbəri: Silviya Venturini Fendi

Silviya Venturini Fendi şirkətin kreativ direktorudur. O, Fendi ailəsinin hələ də brendlə işləyən yeganə üzvüdür. Silviya 1995-ci ildən şirkətdə işləyir.