Bu vəzifədə işləyənlər maaşdan əlavə 6000 AZN alacaq

0
500

Bu vəzifədə işləyənlər maaşdan əlavə 6000 AZN alacaq - SİYAHI“İcbari tibbi sığorta sistemində 2A kateqoriyasına daxil edilən xəstəxanaların baş həkimi (direktor) 6000 manat məbləğində maaş əlavəsi alacaq. 2B kateqoriyasında olan xəstəxanaların baş həkimi isə 6000 manatın 70 faizi həcmində əməkhaqqı əlavəsi alacaq”.

Bunu İcbari Tibbi Sığorta Agentliyinin büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin koordinatoru Nəsimi Nuriyev deyib.

O bildirib ki, xəstəxanalarda iki direktor müavini vəzifəsi nəzərdə tutulub: “Onların maaşı baş həkimin maaşına bağlıdır. A kateqoriyasında olan xəstəxananın direktor müavinləri baş həkimin əlavəsinin 50 faizi məbləğində, yəni 3000 manat əlavə alacaq.

Eynilə A kateqoriyasında olan xəstəxananın şöbə müdiri 1500, şöbə müdirinin müavini 1125, digər qeyri-tibb işçisi isə 450 manat maaş əlavəsi alacaq.

Bu ayın sonundan etibarən birinci mərhələdə pilot layihələr tətbiq edilən regionlarda xəstəxanaların müvafiq şəxslərinin əməkhaqlarına kateqoriyalara əsasən müvafiq əlavələr həyata keçiriləcək”.

Onun sözlərinə görə, icbari tibbi sığorta mexanizmində qiymətləndirmə meyarlarına, topladığı ballara görə xəstəxanalar 3 qrupa bölünüb:

“Məsələn, Bakı şəhərində Neftçilər xəstəxanasının etdiyi əməliyyat Xaçmazda yerləşən xəstəxanada icra olunmur. Ona görə də Agentlik oranın direktorunun maaş əlavəsi ilə Bakıdakı Neftçilər xəstəxanasının direktoruna eyni əməkhaqqı əlavəsini verə bilməz. Bu, ədalət prinsipinin qorunmaması demək olardı. Ona görə də biz kateqoriyalar sistemini yaratdıq.

Bu meyarlar sisteminə görə faiz dərəcələri müəyyən olundu. Faiz dərəcələrinin işlənilməsində həm agentliyin, həm TƏBİB-in mütəxəssisləri, ictimaiyyətdən ekspertlər iştirak etdilər. Bu layihə davamlı layihə olacaq”.