21 saylı Nəsimi birinci seçki dairəsinin seçki məntəqələrində yüksək fəallıq müşahidə olunur

0
421

Dekabrın 23-də saat 8:00-dan etibarən 21 saylı Nəsimi I seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb.

Seçicilər səhər saatlarından məntəqələrə üz tutur, istədikləri namizədlərə səs verirlər.

21 saylı Nəsimi I seçki dairəsi dairə seçki komissiyasının sədri Çingiz Dadaşov bildirib ki, dairə üzrə seçicilərin ümumi sayı 34 min 281 nəfərdir. Dairənin əhatə etdiyi 29 daimi seçki məntəqəsi bütün zəruri avadanlıqla təmin edilib və səsvermədə yüksək fəallıq nümayiş olunur. Seçki məntəqələrinə gələnlər arasında ilk dəfə səs verən gənclər də var.

Dairənin əhatə etdiyi bütün seçki məntəqələrində seçicilərin normal səs vermələri üçün hər cür şərait yaradılıb. Seçkilərin şəffaf və demokratik keçməsi üçün dairənin 10 məntəqəsində veb-kamera quraşdırılıb. Bundan başqa, 3 məntəqədə Mərkəzi Seçki Komissiyası tərəfindən əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.

21 saylı Nəsimi birinci seçki dairəsində 749 nəfər ilk dəfə səs verəcək.

Seçki prosesinin başlanmasından keçən müddətdə heç bir narazılıq və ya şikayət qeydə alınmayıb. Bütün seçicilərə rahat səsvermə şəraiti yaradılıb.