Azərbaycanda kino həftəsi – Bakıdan Şəkiyədək

0
654

Nümayəndə heyəti kino həftəsi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki, İsmayıllı və Qəbələ rayonlarına səfərlər edəcək, yerli adət-ənənələr, tarixi abidələrlə tanış olacaq

Noyabrın 17-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Özbəkkino” milli agentliyinin təşkilatçılığı ilə Azərbaycanda “Özbək kinosu həftəsi” keçiriləcək.

 Mədəniyyət Nazirliyindən verilən açıqlamaya görə, noyabrın 18-də saat 19:00-da Nizami Kino Mərkəzində “Özbək kinosu həftəsi”nin açılış mərasimi baş tutacaq. Mərasimdə Özbəkistan kinosunu kinematoqrafçılar və rəsmilərdən ibarət səkkiz nəfərlik nümayəndə heyəti təmsil edəcək. Gecədə özbək rejissoru Əbdülxəlil Miqnarovun “İmam Əbu Məhəmməd Tərmizi” filmi nümayiş olunacaq.

Noyabrın 19-da “Özbək kinosu həftəsi” çərçivəsində Özbəkistanı təmsil edən nümayəndə heyəti Dövlət Film Fondunun fəalliyyəti ilə tanış olacaq, Azərbaycanın kino xadimləri ilə görüş keçirəcək, gələcəkdə kino sahəsində əməkdaşlıq barəsində müzakirələr aparacaq.

Nümayəndə heyəti kino həftəsi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki, İsmayıllı və Qəbələ rayonlarına səfərlər edəcək, yerli adət-ənənələr, tarixi abidələrlə tanış olacaq, sakinlərlə görüşlər keçirəcək. Həmin rayonlarda da özbək filmlərinin nümayişləri təşkil olunacaq.

Qeyd edək ki, “Özbək kinosu həftəsi” çərçivəsində 19 noyabr saat 19:00-da “İssık çörəyi” (Nizami Kino Mərkəzinin kiçik zalı), 21 noyabrda Şəki Dövlət Dram Teatrında “Sənətkarlar diyarı”, 22 noyabrda Qəbələ Mədəniyyət Mərkəzində isə “Rəqsin gözəlliyi” filmləri göstəriləcək.