Uşaqlarda HİPERAKTİVLİK – Səbəblər və əlamətlər

0
710

Psixoloq Vüsalə Hüseynovanın yazısını təqdim edir.

Hiperaktivlik uşağın yaş və inkişaf səviyyəsinə uyğun olmayan aşırı hərəkətlilik, istəklərini ərtələyə bilməmə (impulsivlik) və diqqət yayınıqlığı ilə müşahidə olunan psixoloji problemdir.

Başlama yaşı 3-4 yaş olaraq görülsə də, əlamətlər daha erkən vaxtlarda özünü göstərə bilir. Hələ körpəlik dövründən uşağın az yatması, narahatlığı, tez-tez ağlaması hiperaktivliyin ilkin göstəricilərinə misal ola bilər.

Oğlanlarda qızlara nisbətən 3-4 dəfə daha artıq müşahidə olunur.

Hiperaktivliyin hansı səbəblərdən yaranması elmə hələ tam aydın olmasa da, bununla bağlı müəyyən fikirlər mövcuddur.

Genetik yolla ötürülmə: Hiperaktiv uşaqların birinci dərəcəli qohumlarında da bu tip əlamətlər görülməkdədir. Ailə ilə bağlı edilən araşdırmalarda üzə çıxan nəticələr onu göstərir ki, hiperaktiv uşaqların ata-analarında bu əlamətlərin görülmə ehtimalı 2-8 dəfə , bacı-qardaşlarında isə başqa uşaqlarla müqayisədə 2-3 dəfə daha çox rast gəlinir. Həmçinin əkizlər üzərində aparılan tədqiqatlarda eyni yumurta əkizində problemin cüt görülmə ehtimalı 80-90%, fərqli yumurta əkizlərində isə 30%-dir.

Mühitin təsiri: Birbaşa olaraq hiperaktivliyə səbəb olmasa da, genetik yatqınlığı olan şəxslərdə bu problemin üzə çıxmasına şərait yaradır. Bu təsirlərə ailənin quruluşu, keçirdiyi travmatik hadisələr, doğum öncəsi (hamiləlik dönəmində ananın keçirdiyi stress, istifadə etdiyi zərərli maddələr), doğum anı (ərkən doğum) və doğum sonrasında (keçirdiyi xəstəliklər, istifadə etdiyi dərmanlar və s.) baş verən müəyyən hadisələr aiddir.

Hiperaktivliyin əsas göstəriciləri  aşırı hərəkətlilik, diqqət yayınıqlığı və impulsivlikdir (istəklərinə, danışığına və hərəkətlərinə nəzarət edə bilməmə). Bəzi uşaqlarda bunların ikisi qabarıq görüldüyü halda (məsələn, diqqət dağınıqlığı ilə hərəkətlilik və ya impulsivliklə hərəkətlilik), bəzi qismində 3-cü dərəcəli  hiperaktivlik adlandırdığımız ən ağır forma impulsivlik, diqqət yayınıqlığı və hərəkətliliyin üçü birgə görülür.

Hiperaktivliyin əsas əlamətləri:

– çox ağlamaq,

– az yatmaq,

– yatılı vəziyyətdə də çox hərəkət etmək,

– oturmağı sevməmək, otursa belə, əlini- ayağını oynatmaq,

– nəticəni düşünmədən özünü təhlükəyə atmaq,

– evdə divanın üstündə gəzmək,

– diqqətini bir işə və ya dərsə verə bilməmək,

– başqa uşaqları itələmək, vurmağı sevmək,

– tez həyəcanlanmaq və əsəbləşmək.

Hiperaktivlik yeniyetməlik və yetkinlik dönəmində aşırı hərəkətliliklə müşahidə olunmasa da, uşaqlıqda düzgün korreksiya olunmayıbsa və sağlıqlı ailə ortamı yaradılmayıbsa, diqqət yayınıqlığı, qərarsızlıq, depressiyaya meyillilik, bir yerdə qərar tuta bilməmə, unutqanlıq kimi hallar özünü göstərə bilər.