“Klub və kitabxanalar hazırkı dövrdə həm də ideoloji mərkəz rolunu oynayır. Bu müəssisələrə yanaşmada əsas meyar yalnız qənaət olmalı deyil. Əsas prioritet ideoloji iş olmalıdır. Odur ki, sözügedən müəssisələrin bağlanılmasına daha həssas yanaşmağa ehtiyac var”.
Bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu gün ölkəmizə qarşı aparılan ideoloji işdə əsas hədəf kütləsi gənclərdir: “Gənclər təşkilatlarının, gənclər mərkəzlərinin və olimpiya mərkəzlərinin fəaliyyətinin daha da gücləndirilməsi üçün əlavə vəsaitin ayrılmasına və mexanizmlərin işlənilməsi ehtiyac var. Burada onu xüsusi qeyd etmək lazımdır ki, Cənab Prezidentin bilavasitə diqqət və qayğısı ilə din xadimləri üçün maddi dəstək müəyyənləşdirilib və bu, çox önəmlidir. Düşünürəm ki, imkan daxilində gələcəkdə maddi dəstəyin artırılması məsələsinə yenidən baxılması yaxşı olardı. Bununla bağlı zaman-zaman müraciətlər olur”.



