Gürcüstan parlamenti ölkə ərazisində irimiqyaslı beynəlxalq qumar turnirlərinin təşkilinə icazə verən qanunvericilik dəyişiklikləri paketini təsdiqləyib.
Səsvermə prosesi qanunverici orqanın rəsmi saytı vasitəsilə canlı yayımlanıb. Qanun layihəsinin lehinə 73 deputat səs verib (qəbul üçün 50 səs kifayət edirdi), beş nəfər isə əleyhinə çıxış edib.
Yeni qaydalara əsasən, kazino sahibləri tərəfindən təşkil olunan və iştirakçılarının ən azı 80%-ni əcnəbilərin təşkil etdiyi oyunlar beynəlxalq qumar turniri hesab ediləcək. Turnirin mükafat fondu 3 milyon larini (təxminən 1.1 milyon dollar) keçərsə, təşkilatçı qumar biznesi rüsumundan azad olunacaq.
İrimiqyaslı beynəlxalq turnirin keçirilməsi ilə bağlı icazə şərtlərini pozan şəxs 50 min lari (19 min dollardan çox) məbləğdə cərimələnəcək. Əgər yarış müvafiq icazəsi olmayan şəxs tərəfindən təşkil edilərsə, pul cəriməsinin həcmi 150 min lari (təqribən 60 min dollar) təşkil edəcək.
Gürcüstan parlamentinin İqtisadi siyasət komitəsinin rəhbəri Şota Berekaşvilinin sözlərinə görə, beynəlxalq qumar turnirlərinin təşkili turist axınının artmasına təkan verəcək və ölkəyə əlavə iqtisadi gəlir gətirəcək.
Qanun layihəsinə sürətləndirilmiş rejimdə baxılıb. Layihə birinci oxunuşda qəbul edildikdən sonra Gürcüstanın ombudsmanı Levan İoseliani parlamenti, xüsusən də sürətləndirilmiş rejimdə onun yekun təsdiqindən imtina etməyə çağırıb. O, öz mövqeyini qumar oyunlarının insanların psixi vəziyyətinə və maliyyə durumuna mənfi təsir göstərməsi ilə əsaslandırıb. Həmçinin, qumar oyunlarının ailədaxili münaqişələr və intihar risklərini artırdığı qeyd olunub.
Ombudsman tərəfindən irəli sürülən mövqeyi Gürcüstan Patriarxlığı da dəstəkləyib. Xüsusilə, patriarxlığın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Andria Dcaqmaidze bildirib ki, qanunvericilər kilsə ilə əvvəlcədən heç bir məsləhətləşmə aparmayıblar. Onun sözlərinə görə, patriarxlıq bu məsələdə kənarda qalmayacaq.



