Evi kupçasız olanların DİQQƏTİNƏ: Sığorta ilə bağlı vacib məqamlar

Azərbaycanda çıxarışı (kupçası) olmayan evlərin sığortalanması məsələsi vətəndaşlar üçün aktual suallardan biridir. Belə əmlakların hüquqi statusu, tikiliyə dair mövcud sənədlər və mülkiyyət hüququnun hansı əsaslarla təsdiqlənməsi sığorta müqaviləsinin bağlanmasına təsir göstərə bilər. Eyni zamanda, sənədsiz və ya çıxarışsız evlərdə yanğın, zəlzələ və digər hadisələr nəticəsində zərər yarandıqda kompensasiya almaq hüququnun hansı şərtlərlə müəyyənləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır.

Bəs, çıxarışı olmayan evləri Azərbaycanda icbari və ya könüllü sığortalamaq mümkündürmü və bunun üçün hansı sənədlər tələb olunur? Belə evlərə zərər dəydikdə vətəndaşın sığorta ödənişi almaq hüququ necə müəyyənləşdirilir və mülkiyyətçilər hansı hüquqi məhdudiyyətləri nəzərə almalıdırlar?
Evi kupçasız olanların DİQQƏTİNƏ: Sığorta ilə bağlı vacib məqamlarMövzu ilə bağlı açıqlama verən sığorta eksperti Emil Ağabağırov bildirib ki, əmlakın çıxarışı olmasa belə, tikiliyə dair hər hansı sənədin mövcudluğu onun sığortalanmasına imkan verə bilər.

“Bu sənədlər alqı-satqı müqaviləsi, order və ya məhkəmə qərarı ola bilər. Belə sənədlər əsasında sığorta şirkəti tikilini, mənzili və ya digər daşınmaz əmlakı sığortalaya bilər. Bakıda daşınmaz əmlakın icbari sığortası üzrə illik sığorta haqqı 50 manat, sığorta təminatının maksimal məbləği isə 25 000 manatdır. Yanğın, zəlzələ və digər sığorta hadisələri nəticəsində əmlaka zərər dəydikdə, sığorta şirkəti zərəri müəyyən edilmiş limit çərçivəsində qarşılayır. Zərər 25 000 manatı keçərsə, artıq məbləğ əmlak sahibinin üzərinə düşür”.

Ekspert bildirib ki, vətəndaş daha yüksək sığorta təminatı əldə etmək istəyirsə, icbari sığortaya əlavə olaraq könüllü sığortadan da yararlana bilər:

“Bu halda sığorta təminatını 50 000, 70 000 və ya 100 000 manatadək artırmaq mümkündür. Bununla belə, sığorta ödənişi əmlaka dəymiş faktiki zərərin məbləğinə uyğun hesablanır. Məsələn, sığorta hadisəsi nəticəsində 2 000 manatlıq zərər yaranarsa, sığorta təminatının limiti 25 000 manat olsa belə, ödəniş 2 000 manat təşkil edəcək. Yəni sığorta şirkəti maksimal təminat məbləğini deyil, hadisə nəticəsində yaranmış və sığorta şərtlərinə uyğun hesablanan zərəri ödəyir”.