Yəmənin Taiz şəhərində husilərin tətbiq etdiyi mühasirə səbəbindən xəstəxanaların fəaliyyəti dayanmaq təhlükəsi ilə üzləşib.
Bu barədə Yəmənin Səhiyyə və Əhali Nazirliyi məlumat yayıb.
Nazirlik şəhərdə ciddi humanitar böhran yarana biləcəyi barədə xəbərdarlıq edib. Bildirilib ki, xəstəxanalarda dərman, tibbi ləvazimat və yanacaq ehtiyatları tükənmək üzrədir.
Mövcud vəziyyət davam edərsə, təcili tibbi yardım, cərrahiyyə, reanimasiya, dializ və yeni doğulmuş körpələrə göstərilən tibbi xidmətlər dayana bilər. Yanacaq çatışmazlığı elektrik generatorlarının və təcili yardım maşınlarının fəaliyyətinə də təhlükə yaradıb.
Yəmən hökuməti husiləri şəhərə əsas təchizat yollarını bağlamaqda ittiham edib. Nazirlik mühasirənin dərhal aradan qaldırılmasını və humanitar yardımın çatdırılması üçün təhlükəsiz keçidlərin açılmasını tələb edib.
BMT və beynəlxalq humanitar təşkilatlara təcili yardım çağırışı ünvanlanıb.
Qeyd edək ki, oktyabrın əvvəlində husilər Taiz şəhərini hökumətin nəzarətində olan digər ərazilərlə birləşdirən əsas yolu ələ keçiriblər. Bölgədə yanacaq qıtlığı yaranıb və qiymətlər üç dəfə artıb.



