Doğrusu, bir neçə gündür Cəmil müəllimlə görüşlərim zamanı müşahidə etdiyim, şahidi olduğum bəzi söhbətlər məni düşündürür. Düşündükcə də öz-özümə deyirəm ki, bunları yazmaq lazımdır…
Mən də mətbuat işçisi olmuşam. Özümün iki qəzetim olub. Qəzetdə hansı yazının dərc olunmasına birbaşa nəzarət edən və buna görə məsuliyyət daşıyan adam olmuşam. Yazı məsələsində heç vaxt güzəştə getməmişəm. Ona görə də mətbuatın yalnız yazı yazmaqdan, onu səhifəyə yerləşdirməkdən ibarət olmadığını, bunun arxasında nə qədər zəhmət, məsuliyyət və maddi yük dayandığını yaxşı bilirəm.
Cəmil müəllimi tanıyandan “Azərbaycan” nəşriyyatında uzun müddət təsisçisi və baş redaktoru olduğu “Ədalət və Həqiqət” qəzetinin redaksiyasına tez-tez gedib-gəlmişəm. Bəzən saatlarla söhbət etmiş, işləri ilə maraqlanmışam.
Cəmil müəllim əlillik pensiyası alırdı. Çox vaxt redaksiya üçün ödəməli olduğu, yaxud qəzetin çapına lazım olan pulu öz təqaüdündən xərclədiyini görürdüm. Üzünə deməsəm də, içimdə onu qınayırdım:
— Axı nə məcburdur? Özünün də ehtiyacları var…
Bu sual məni o vaxtlar da çox düşündürürdü.
Sonralar mən özüm də eyni vəziyyətlə üzləşdim. Redaksiya üçün götürdüyüm otağın pulunu ödəyə bilmədiyim üçün oranı nəşriyyata qaytardım. Qəzetin çapına çatdırmadığım vaxtlar oldu. Qəzeti vaxtında çıxara bilməyəndə növbəti həftəyə, bəzən də növbəti aya saxladım.
Amma Cəmil müəllimdə belə olmadı.
O, öz təqaüdünü bu işə xərclədi. Çatışmayanda haradansa borc pul tapdı, qəzetini vaxtında çıxardı. Çünki onun üçün qəzet, sadəcə, bir kağız parçası deyildi, onun düşüncəsi, mübarizəsi, sözü, ömrünün bir parçası idi.
İndi isə Cəmil müəllim turaztv.az saytına rəhbərlik edir.
Bir neçə gün əvvəl sayt maliyyə çətinliyi üzündən fəaliyyətini dayandırmalı oldu. Saytda yazıların yerləşdirilməsi, texniki işlərin görülməsi, kompüter mütəxəssisinin əməyinin ödənilməsi və dövlət qarşısında olan öhdəliklərin yerinə yetirilməsi məsələsində çətinlik yaranmışdı.
Son günlər onun bu vəziyyətə görə keçirdiyi narahatlığın, həyəcanın şahidi oldum.
Və istər-istəməz illər əvvələ qayıtdım…
O vaxt Cəmil müəllimi təqaüdünü qəzetə xərclədiyi üçün qınayırdım. İndi isə düşünürəm: bəlkə də biz onu başa düşmürdük…
Çünki insanın ürəyində sözə, mətbuata, cəmiyyətə xidmət etmək kimi bir bağlılıq varsa, bəzən öz rahatlığından da keçir.
Məni bu yazını yazmağa vadar edən əsas məsələ isə son günlər şahidi olduğum başqa bir münasibətdir.
Kimsə saytda yazısını yerləşdirmək üçün Cəmil müəllimə zəng edir. Cəmil müəllim deyir ki, saytda problem yaranıb, maliyyə çətinliyi var, ona görə fəaliyyət dayanıb.
Amma cavab olaraq heç kim:
— Cəmil müəllim, nə qədər lazımdır? Biz necə kömək edə bilərik? – demir.
Əksinə, bəziləri inciyir, küsür, elə düşünür ki, guya Cəmil müəllim bilərəkdən onun yazısını sayta yerləşdirmir.
Halbuki bir az sonra həmin adam internetə girib görsə ki, sayt, ümumiyyətlə, işləmir, bəlkə də səbəbini soruşar, maraqlanar…
Amma çox vaxt belə olmur.
Hamı öz yazısının arxasınca düşür, amma o yazının yerləşdiriləcəyi meydanın ayaqda qalması barədə düşünən az olur.
Mən bunu irad kimi yox, bir dost sözü kimi yazıram. Çünki mətbuat yalnız yazanla oxuyandan ibarət deyil. Onun görünməyən bir tərəfi də var: kompüter, internet, əməkhaqqı, vergi, texniki xidmət, çap xərci, ofis xərci… Və bütün bunların arxasında çox vaxt bir insanın öz cibindən, öz imkanından, öz ailəsinin ehtiyacından kəsib bu işə qoyduğu pul dayanır.
Cəmil müəllim illərdir bunu edir.
Bəlkə də elə buna görə mən onun son günlərdəki narahatlığını görəndə özümü saxlaya bilmədim. Çünki mən də o yolu keçmişəm. Fərq ondadır ki, mən bir yerdə dayanmağa məcbur oldum, Cəmil müəllim isə hələ də yoluna davam edir.
Ona görə, dəyərli dostlar, gəlin bir az anlayışlı olaq.
Əgər turaztv.az-da yazılarımızın mütəmadi dərc olunmasını, istədiyimiz vaxt yazımızı oxucuya çatdırmağı istəyiriksə, əvvəlcə həmin saytın ayaqda qalmasına öz imkanımız daxilində kömək edək.
Böyük məbləğdən söhbət getmir.
Əsas olan “bu, mənim də işimdir” deyə bilməyimizdir.
Bu gün Cəmil müəllimə kömək edən sabah sözümüzün, yazımızın, düşüncəmizin yaşamasına kömək etmiş olacaq.
Axı mətbuat da bir evdir.
Evin işığını yalnız ev sahibi yox, içində yaşayanlar da qoruyar.
Gəlin Cəmil müəllimin illərdir qoruduğu o işığı birlikdə söndürməyək.
Bizim Cəmil…
Bəlkə də onun ən böyük varı-dövləti elə budur – özünə yox, sözə xərclədiyi ömür.
Elxas COMƏRD



