Yer mükəmməl sferik formada deyil. Planet öz oxu ətrafında fırlandığı üçün ekvator istiqamətində bir qədər şişkin, qütblərdə isə yastı formaya malikdir. Bu dəyişiklik o qədər kiçikdir ki, Yerə kosmosdan baxarkən adi gözlə demək olar ki, hiss olunmur.
Yeni araşdırma yer kürəsinin formasındakı dəyişikliklərin zamanla sürətlənə biləcəyini göstərir.
Yer kürəsinin günəş ətrafında hərəkəti onun formasına ciddi təsir göstərmir. Əsas amillərdən biri planetin öz oxu ətrafında fırlanmasıdır. Lakin alimlərin diqqətini çəkən məsələ yer kürəsinin qütblərdə yastılaşma dərəcəsinin sabit qalmamasıdır.
Saloniki Aristotel Universitetinin geoloqu Kristoforos Kotsakisin apardığı yeni araşdırmaya görə, 20 ildən az müddət ərzində qütb bölgəsinin qalxma sürəti təxminən iki dəfə artıb. Tədqiqatçı bunun mümkün səbəblərindən biri kimi qütb ərazilərində buz örtüyünün sürətlə əriməsini göstərir.
Alimin fikrincə, buzların əriməsi Yer səthindəki kütlə bölgüsünə və planetin formasına təsir göstərən proseslərdən biridir. Qrenlandiya və Antarktidada buz örtüyünün azalması həmin ərazilərdə yer qabığının üzərinə düşən yükü azaldır və nəticədə qabıq tədricən yuxarı qalxa bilir.
Digər tərəfdən, buzların əriməsi nəticəsində yaranan su okeanlara axır. Bu isə planetin kütləsinin yenidən paylanmasına səbəb olur. Bəzi okean hövzələrində əlavə su kütləsi dəniz dibinə təzyiqi artıraraq onun tədricən çökməsinə gətirib çıxara bilər.
Alimlər yer kürəsinin geoidində bu cür genişmiqyaslı kütlə dəyişikliklərinin izlərini artıq ötən əsrin 70-ci illərindən etibarən müşahidə edirlər.
Tədqiqat yer kürəsinin formasının tamamilə sabit olmadığını və planetdə baş verən geofiziki, iqlim və kütlə dəyişikliklərinin onun səthinə və ümumi formasına təsir göstərə bildiyini ortaya qoyur.



