Azərbaycanda bank kartlarından istifadə ilə bağlı tətbiq edilən yeni məhdudiyyətlər vətəndaşların gündəlik pul köçürmələri məsələsini yenidən gündəmə gətirib. 1 avqust 2026-cı ildən kartdan-karta (P2P) köçürmələr və mədaxil əməliyyatları üzrə limitlərin tətbiqi mütəmadi pul göndərən və qəbul edən şəxslər üçün müəyyən suallar yaradıb.
Qaydaların əsas məqsədi vergidən yayınma hallarının qarşısının alınması və maliyyə əməliyyatlarına nəzarətin gücləndirilməsi kimi izah olunur. Lakin tətbiq edilən məhdudiyyətlər vətəndaşların gündəlik maliyyə əməliyyatlarında rahatlıq məsələsini də ön plana çıxarır.
Bəs mövcud limitlərin artırılması yaxın gələcəkdə mümkün olacaqmı?
Mövzu ilə bağlı Konkret.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, limitlərin artırılması prinsip etibarilə mümkündür. Lakin ekspert yaxın zamanda bu istiqamətdə dəyişiklik gözləmir.
“Hər şey mümkündür. Amma gözlənilmir. Bu addımın cəmiyyətə ciddi bir ziyanı yoxdur. Limitləri artırsınlar. Amma mən gözləmirəm ki, bu istiqamətdə yaxın zamanda hər hansı dəyişiklik olsun. Burada əsas məqsəd vergidən yayınmanın qarşısının alınmasıdır”, – deyə iqtisadçı qeyd edib.
Ekspertin sözlərinə görə, kartlar vasitəsilə həyata keçirilən pul köçürmələrinə nəzarətin gücləndirilməsi əsasən maliyyə əməliyyatlarının şəffaflaşdırılması və vergidən yayınma hallarının qarşısının alınması məqsədi daşıyır.



