“Xaricə istirahətə gedən azərbaycanlıların sayının azalması sevindirici haldır”
Dövlət Sərhəd Xidmətinin açıqladığı statistikaya görə, 2026-cı ilin ilk yarısında həm Azərbaycana gələn xarici vətəndaşların, həm də xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayında azalma qeydə alınıb. Ekspertlər bunu əsasən regiondakı geosiyasi gərginlik, aviareyslərin məhdudlaşması və bilet qiymətlərinin bahalaşması ilə əlaqələndirirlər.
Maraqlıdır, turist axınının azalmasının əsas səbəbləri hansılardır? Bu tendensiya turizm sektoruna, xidmət sahəsinə və ümumilikdə Azərbaycan iqtisadiyyatına hansı təsirləri göstərə bilər?
Eyni zamanda, Azərbaycanın region ölkələri ilə müqayisədə turizm rəqabət qabiliyyətini artırmaq və turist axınını bərpa etmək üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev açıqlama verib.
Ekspert bildirib ki, keçən illə müqayisədə statistik məlumatlara əsasən, bu ilin birinci rübündə Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub. Təbii ki, bu, dünyada baş verən geosiyasi proseslərlə birbaşa bağlıdır.

Nəzərə alsaq ki, Yaxın Şərqdə baş verən müharibədən əvvəlki dövrdə Azərbaycana Körfəz ölkələrindən kütləvi turist axını olurdu və Asiya ölkələrindən gələn turistlərin əhəmiyyətli hissəsi də məhz bu istiqamətdən istifadə edirdi, mövcud vəziyyətin turizmə təsiri qaçılmazdır.
Bu gün Körfəz ölkələrində baş verən silahlı münaqişə, həmin ölkələrin hava limanlarının və hava məkanının bağlanması nəticəsində Asiya ölkələrindən Azərbaycana həyata keçirilən aviareyslərə ciddi təsir göstərib. Əvvəllər bu reyslərin böyük hissəsi Körfəz ölkələrinin hava məkanı vasitəsilə həyata keçirilirdisə, hazırda İran da daxil olmaqla həmin istiqamətdə hava məkanının bağlı olması səbəbindən sərnişin təyyarələrinin uçuşlarında ciddi məhdudiyyətlər yaranıb və ya onlar daha uzun marşrutlardan istifadə etməyə məcbur olurlar”.
Rəhman Quliyev vurğulayıb ki, təbii ki, uçuş məsafəsinin uzanması yanacaq xərclərinin artmasına səbəb olur, bu isə aviabiletlərin bahalaşmasını qaçılmaz edir:
“Bütün bunlar turist sayının azalmasına təsir göstərən əsas amillərdən biridir. Turistlər bu zəruri uçuşlardan istifadə etsələr də, mövcud şərait onların səfər planlarına birbaşa təsir göstərir. Mən deməzdim ki, əvvəllər Asiya ölkələrindən və ya Körfəz ölkələrindən Azərbaycana üç saata həyata keçirilən uçuşun bugünkü vəziyyətdə altı saata qədər uzanması turist axınına təsirsiz ötüşəcək. Təbii ki, belə olan halda turist sayının azalması qaçılmazdır. Bu, məsələnin bir tərəfidir.
İkinci mühüm məsələ isə müharibəyə cəlb olunan ölkələrdə yaranan iqtisadi böhrandır. Bu amil birbaşa turist potensialını və insanların səyahət imkanlarını zəiflədir. Körfəz ölkələrində müharibədən qaynaqlanan iqtisadi böhran artıq digər ölkələrə də sirayət edib. Nəticədə həmin ölkələrin vətəndaşları iqtisadi çətinliklərlə üzləşdikləri üçün Azərbaycana və digər ölkələrə turist kimi səfər etmək imkanları məhdudlaşır, onların turist qabiliyyəti azalır.
Təbii ki, bütün bunlar müvəqqəti xarakter daşıyır. Azərbaycanın turizm sektorunda əvvəlki illərlə müqayisədə artım tendensiyasını görür və hiss edirik. Müharibə və pandemiya dövrünü istisna etməklə hesab edirəm ki, bu gün Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinin sayında azalma müşahidə olunması əslində müsbət haldır”.
Ekspert onu da əlavə edib ki, bunun əsas səbəbi ölkədə daxili turizmin yüksək səviyyədə təşviq edilməsidir:
“Bu gün Azərbaycan vətəndaşları xarici ölkələrə deyil, daha çox ölkəmizin bölgələrinə səfər etməyə üstünlük verirlər. Xüsusilə vurğulamaq istəyirəm ki, bölgələrimizdə ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması, yol infrastrukturunun inkişafı, eyni zamanda kənd təsərrüfatına və kənd həyatına göstərilən dövlət qayğısı yerli turistlərin bölgələrə üz tutmasına ciddi stimul yaradır.
Burada daha bir mühüm məqam var. Əvvəlki illərlə müqayisədə bu il Qarabağ və Şərqi Zəngəzur yeni turizm destinasiyası kimi ön plana çıxıb. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Füzuli və Cəbrayıl da daxil olmaqla işğaldan azad edilmiş bütün ərazilərimizə səfər edən turistlərin sayı digər bölgələrlə müqayisədə daha çoxdur.
Bu da ilk növbədə həmin ərazilərdə yaradılmış təhlükəsiz mühit və insanlarımızın milli ruhu ilə bağlıdır. Bu gün hər kəs Qarabağa səfər etməyi böyük qürur mənbəyi hesab edir və bu bölgələrə dəfələrlə gedir. İnsanlar Xankəndini, Şuşanı, Laçını və Zəngilanı qarış-qarış gəzməyə xüsusi maraq göstərirlər.
Təbii ki, təbii gözəllik baxımından Qəbələnin, Qusarın və Şəki-Qax zonasının da özünəməxsus üstünlükləri var. Lakin Laçını, Şuşanı və Xankəndini görmək artıq təkcə təbiətə maraq deyil, həm də milli ruh məsələsidir. Burada həm təbiətin gözəlliyi, həm də milli-mənəvi dəyərlər bir araya gəlir. Mən bunu xüsusi vurğulamaq ki, Azərbaycan vətəndaşlarının xarici ölkələrə deyil, ölkəmizin bölgələrinə səfər etməsi müsbət tendensiyadır.
Çünki istər yerli turistlər, istərsə də Azərbaycana gələn əcnəbi turistlər bölgələrə səfər etdikdə kənd təsərrüfatı məhsulları alır, yerli xidmətlərdən istifadə edir və bununla da kənd yerlərində yaşayan insanların sosial rifahının yüksəlməsinə töhfə verirlər. Ümumilikdə, bölgələrimizdə turizmin inkişafı həmin ərazilərdə yaşayan hər bir vətəndaşın sosial rifahına xidmət edir”.




