Xəbər xəstəliyi xəstəlik xəbərləri siyahısında

Xəbərlər, məlumatlar və biliklər həyatımızın ayrılmaz hissəsi, yaşayış durumumuzun əsaslarından biri, mənəvi, psixoloji və elmi səviyyəmizin səbəbkarı və aparıcı qüvvəsidir.
 Xəbər ünvanlarının sayı getdikcə artır, şokedici məlumatların sayı da… 
 Xəbərlər hər zaman doğru olmaya bilər. Lakin onların bir çoxu yüzlərlə insanın həyatına mənfi təsir göstərə, ağır sarsıntılara səbəb ola bilər. Hətta psixoloji və fiziki problemlərə, ürək, beyin travmalarına səbəb ola bilər.
 Məncə, artıq hər kəs əsəblərinin qorunmasına və müalicəsinə ilk yer ayırmalıdır, sağlamlığına daha çox diqqət yetirməlidir. Bu, səbrin və xoş əhvalın da əsasını təşkil edir.
 Həyat və fəaliyyətimizin normal, düzgün axarında bu, vacib şərtlərdən biridir.
 Həyat streslərlə doludur. Onların da ünvanı, səbəbkarı xəbərlərdir.
 Ən kiçik bəd xəbərdən başlayaq. Kimsə kiminsə onun arxasınca nalayiq və ya səhv danışdığını eşidir. Kimsə bunun cavabını qarğışla, kimsə gedib döyməklə, kimsə qarşılıqlı pisliklə verir.
 Dünya, insanlıq yaddan çıxır. Bəzən də həyatın özü də söyülür. 
 Artıq qarğışlar, pessimist və bəd fikirlər sosial şəbəkələrə də üz tutub.
 Elmi araşdırmaların, məsləhətlərin və öyrəntilənlərin təsir etmədiyi psixoloji vəziyyətlərdə isə insanlar həkimə müraciət edirlər.
 Əsəbləri sakit insanlar da həm sosial, həm də dünyəvi xəbərlərdən, kiçik də olsa, mənəvi təsirə məruz qalır – istər xoş, istərsə də bəd xəbər olsun.
 Amma bu kiçik təsirlər ciddi problem yaratmır.
 Nə qədər əsəblərimizi sakitləşdirsək də, robota çevrilə bilmərik.
 Lakin sakit və təmkinli olduğumuz zaman düşüncələrimizə və hisslərimizə daha düzgün yanaşa, onları araşdıra və doğru addım ata bilirik.
 Hər bir yolda da xəbərlər, biliklər, məlumatlar yardımçımız olur.
 Ancaq hər xəbərə inanmayaq. Biliklərimizi genişləndirək. 
 Minlərlə insanın qəbul etdiyi elmi tapıntılara, təsdiqlənmiş nəticələrə inanaq.
 Həyat təcrübəsi və elmi sübutlar hələ ki, yaşayışımızın əsasını təşkil edir.
 İllərlə inandıqlarımızın bir çoxuna şübhəli bəyanatlar səslənsə də, onların doğruluğunu həyat təcrübəmizdə görməyə çalışaq.
 Yeniliklər, yeni xəbərlər, yeni tapıntılar, eləcə də uçurumlar və itkilər hər zaman olub və olacaq.
 Xəbərlər qəlbimizin hakimliyinə sipər qoymasın,  qəlbimizin necə zənginləşəcəyinə ağlımız qərar versin. 

Sənubər Səhər