İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər.
Bəs, İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması Azərbaycanın iqtisadiyyatına hansı təsirləri göstərə bilər? Bu proses ölkəmizdə yanacaq qiymətlərinə birbaşa təsir edə bilərmi, sərhədyanı ticarətdə və daşınma xərclərində hansı dəyişikliklər yarana bilər və bunun digər məhsul və xidmətlərin qiymətlərinə təsiri nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, İranda yanacaq böhranının dərinləşməsi və yanacağın bahalaşması Azərbaycan iqtisadiyyatına müəyyən formada təsir göstərə bilər.
“Bu, əsasən İranla ticarət aparan və İrandan məhsul idxal edən şəxslərə təsir edə bilər. Nəqliyyatın təşkili və yüklərin Azərbaycana gətirilməsi ilə bağlı xərclərdə müəyyən artım yarana bilər. Yanacağın qiyməti yüksəldikdə, təbii olaraq, daşıma xərcləri və nəqliyyat tarifləri də arta bilər. Əgər yanacaq qıtlığı daha da dərinləşərsə və nəqliyyat vasitələri yanacaqla təmin oluna bilməzsə, bu, yükdaşımaların həyata keçirilməsində də problemlər yarada bilər. Lakin hazırda böhranın bu həddə çatdığını demək mümkün deyil. Hazırkı mərhələdə əsas mümkün təsir yanacağın bahalaşmasının daşıma xərclərinə təsiri ilə bağlıdır”.
Ekspert bildirib ki, İranda yanacağın bahalaşmasının Azərbaycanda yanacaq qiymətlərinə birbaşa təsiri gözlənilmir:
“Azərbaycanla İran arasında bu sahədə birbaşa bağlılıq yoxdur. Bundan əlavə, quru sərhədləri bağlı olduğuna görə sərhədyanı ticarət də həyata keçirilmir. Hazırda əsasən yükdaşımalar mövcuddur. Buna görə də yanacaq xərclərinin artması İrandan Azərbaycana və əks istiqamətdə yükdaşımaların qiymətinə təsir göstərə bilər. Digər tərəfdən, İrandakı yanacaq böhranının daha da dərinləşməsi ilə yanaşı, elektrik enerjisi ilə bağlı problemlər də yaranarsa və ölkədə istehsalın təşkili çətinləşərsə, bu, artıq başqa problemlərə səbəb ola bilər. Belə vəziyyət məhsulların alınması və idxalında çətinliklər yarada bilər. Lakin bunun miqyası İrandakı böhranın hansı səviyyəyə qədər dərinləşəcəyindən asılı olacaq”.



