Torpaq sürüşmələri niyə artıb? – AÇIQLAMA

Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazidə aparılan tikinti işləri də təsir göstərə bilər. İqlim dəyişikliklərinin yaratdığı qeyri-sabit hava şəraiti isə bəzi bölgələrdə sürüşmə təhlükəsini daha da artıra bilər.

Bəs, torpaq sürüşmələrinin qarşısını almaq üçün riskli ərazilərdə hansı tədbirlər görülməlidir və tikinti işləri aparılarkən hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır?
Torpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA

Mövzu ilə bağlı açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, torpaq sürüşmələrinə təsir edən əsas amillərdən biri intensiv və qısamüddətli yağışlardır.

“Azərbaycanın Qax, Şəki, Zaqatala, İsmayıllı, Şamaxı və Ağsunun müəyyən əraziləri sürüşməyə meyllidir. Uzunmüddətli və həddindən artıq yağıntılar torpağın su ilə doymasına və nəticədə sürüşmələrin baş verməsinə səbəb ola bilər. Digər amillərdən biri çaylarda suyun səviyyəsinin artmasıdır. Çayların səviyyəsinin yüksəlməsi ətraf ərazilərdə torpağın su ilə yüklənməsinə və sürüşmə riskinin artmasına səbəb ola bilər. Son dövrlərdə yağıntılardan sonra Bakı şəhərinin Badamdar və Bayıl ərazilərində də torpaq sürüşmələri baş verib”.

Ekspert bildirib ki, şəhər ərazilərində digər əsas səbəblərdən biri kanalizasiya və mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin olmaması ilə bağlıdır:

“Çirkab suların ərazilərə axıdılması torpağın nəmlənməsinə və sürüşmə üçün əlverişli şəraitin yaranmasına səbəb ola bilər. İqlim dəyişikliyinin də bu prosesdə böyük təsiri var. Qlobal temperaturun artması nəticəsində şiddətli yağışların həcmi artır. Yağıntıların müddəti qısa olsa da, böyük həcmdə suyun yerə düşməsi torpağın suya doymasına və sürüşmə riskinin artmasına səbəb olur. Ümumdünya Meteorologiya Təşkilatının proqnozlarına görə, yaxın payız və qış aylarında intensiv yağıntıların müşahidə olunması gözlənilir. Bu da sürüşmə riskini artıra bilər”.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə baş verən sürüşmələrin nəticələri arasında fərq əsasən qabaqlayıcı tədbirlərlə bağlıdır:

“Avropa ölkələrində sürüşmə təhlükəsi olan ərazilərdə elmi tədqiqatlar və monitorinqlər aparılır, proses daim izlənilir və qabaqlayıcı tədbirlər görülür. Məsələn, İsveçrədə dağətəyi ərazilərdə sürüşmə təhlükəsi yarandıqda insanlar əvvəlcədən həmin ərazilərdən təxliyə edilir. Bu səbəbdən insan itkisi və iqtisadi zərər daha az olur. Əsas məsələ sürüşmə baş verməzdən əvvəl, xüsusilə intensiv yağışlardan öncə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması və aktiv şəkildə işləməsidir. Əhali vaxtında məlumatlandırılmalıdır ki, insan itkisi və digər mümkün zərərlərin qarşısı alınsın. Payız aylarında yağışların intensivləşəcəyi nəzərə alınaraq, aidiyyəti dövlət qurumlarının bu istiqamətdə qabaqlayıcı tədbirlər görməsi vacibdir”.