Süni intellekt şirkətləri internetdə açıq yayımlanan xəbərləri, araşdırmaları və digər müəllif materiallarını icazəsiz götürərək öz modellərini öyrədə bilərmi? Yoxsa milyardlarla dollar dəyərində məhsullar yaradan texnologiya nəhəngləri istifadə etdikləri jurnalistikaya görə pul ödəməlidirlər?
Bu suallar “The New York Times” qəzetinin “OpenAI” və “Microsoft” şirkətlərinə qarşı qaldırdığı müəllif hüquqları iddiası fonunda yenidən dünya mediasının əsas müzakirə mövzularından birinə çevrilib.
“Digital Content Next” təşkilatının baş direktoru Ceyson Kint yeni təhlilində tərəflərin məhkəməyə təqdim etdiyi və işə yekun qərar verilməsini tələb edən vəsatətləri qiymətləndirib. Müəllifin qənaətinə görə, süni intellektin böyük imkanlara malik olması onun yaradılması zamanı müəllif hüquqlarının pozulmasına haqq qazandırmır.
Kint bildirir ki, “OpenAI” və “Microsoft” müdafiələrini süni intellektin “transformativ”, yəni mövcud materialı tamamilə yeni məhsula çevirən texnologiya olması üzərində qururlar. Arqumentlərdən biri də ABŞ-ın qlobal AI yarışında, xüsusilə Çin qarşısında geri qalmaması üçün internetdəki geniş məlumat bazalarından istifadə edilməsinin zəruriliyidir.
Lakin təhlil müəllifinin fikrincə, texnoloji rəqabət və milli təhlükəsizlik arqumentləri müəllif hüquqları qanunlarını qüvvədən sala bilməz. ABŞ qanunvericiliyindəki “ədalətli istifadə” prinsipi məhdud xarakter daşıyır və müəllif əsərinin mövcud və potensial bazarına vurulan zərər də nəzərə alınmalıdır.
“The New York Times” və digər media qurumlarının iddiası süni intellektin mövcudluğunun özünün qanunsuz olması deyil. Onlar məlumatların toplanması, modellərin öyrədilməsi, istifadəçiyə cavab hazırlanması və orijinal materialın müəyyən hissələrinin nəticələrdə göstərilməsi mərhələlərində icazəsiz surətçıxarmanın baş verdiyini irəli sürürlər. Bu iddiaların hər biri məhkəmədə ayrıca hüquqi əsaslandırma tələb edir.
Ceyson Kint diqqəti mühüm bir məqama yönəldir: internet özü heç nə “bilmir”.
Məlumatı toplayan, hadisəni araşdıran, faktları yoxlayan, hüquqi riskləri qiymətləndirən və oxucuya etibarlı şəkildə təqdim edən jurnalistlər, redaktorlar və media qurumlarıdır. Xəbərin arxasında illərlə formalaşan peşəkar təcrübə, maliyyə xərcləri və ictimai etimad dayanır.
Təhlildə bildirilir ki, “OpenAI”-nin məlumat toplayan sistemlərinin insan tərəfindən seçilmiş və süzgəcdən keçirilmiş keyfiyyətli səhifələrə üstünlük verdiyi iddia olunur. Əgər bu təsdiqlənərsə, internetin fərq qoyulmadan istifadə edilə bilən vahid və pulsuz məlumat anbarı olması barədə arqument zəifləyə bilər. Çünki AI tərtibatçıları təsadüfi məzmunu deyil, məhz insan əməyi ilə yaradılan, yoxlanılan və etibar qazanan materialları seçmiş olurlar.
Müəllif vurğulayır ki, “OpenAI” və “Microsoft” hesablama gücünə, məlumat mərkəzlərinə, enerjiyə və yüksək maaşlı mütəxəssislərə milyardlarla dollar xərclədiyi halda, sistemin əsas “yanacağı” olan keyfiyyətli məzmunun pulsuz sayılması ədalətli deyil.
Kintə görə, ən böyük təhlükə süni intellekt sistemlərinin xəbərləri ümumiləşdirərək istifadəçiyə təqdim etməsi və oxucunun ilkin mənbəyə keçməsinə ehtiyac saxlamamasıdır. Bu halda AI məhsulu xəbər təşkilatının materialını əvəz edir, onun auditoriyasını və potensial gəlirini azaldır.
Belə bir model məhkəmələr tərəfindən qanuni sayılarsa, media şirkətləri faktiki olaraq öz gələcək rəqiblərini pulsuz materialla təmin etmiş olacaqlar. Süni intellekt şirkətlərinin hər biri keyfiyyətli jurnalistikanın yaşamasında maraqlı olsa da, ayrı-ayrılıqda həmin jurnalistikanın xərcini ödəmədən ondan faydalanmağa çalışır.
Təhlildə vurğulanır ki, məsələ süni intellektin inkişafının dayandırılması deyil. Əsas sual budur: AI ədalətli bazar münasibətləri, lisenziyalar və yaradıcı əməyə ödəniş əsasında qurulacaq, yoxsa jurnalistikanı pulsuz xammala çevirəcək?
Azərbaycan mediası üçün də bu mübahisə getdikcə aktuallaşır. Yerli xəbər saytlarının araşdırmaları, müsahibələri və eksklüziv məlumatları süni intellekt sistemlərinin cavablarında istinadsız istifadə oluna bilər. Oxucu cavabı AI platformasında aldığı üçün ilkin mənbəyə keçmədikdə isə media həm auditoriyasını, həm reklam gəlirini, həm də müəlliflik üstünlüyünü itirir.
Bu səbəbdən media qurumları AI botlarının sayta girişini ayrıca izləməli, materialların müəllifini və ilkin dərc tarixini aydın göstərməli, orijinal araşdırmaların rəqəmsal tarixçəsini qorumalıdır. Çünki yaxın gələcəkdə keyfiyyətli jurnalistika yalnız informasiya məhsulu deyil, süni intellekt şirkətlərinə lisenziya ilə təqdim edilən qiymətli məlumat bazasına da çevrilə bilər.



