Yay deyəndə ağla ilk gələn dəniz, günəş və istirahət olur. Sahildə keçirilən xoş anlar, sərin suyun verdiyi rahatlıq və ailəvi istirahət əksəriyyət üçün bu mövsümün ayrılmaz hissəsidir. Amma hər yay eyni mənzərə də təkrarlanır. Sevinc içində başlayan bir gün bəzən bir anlıq ehtiyatsızlıq ucbatından faciə ilə başa çatır.
Suda boğulma halları təkcə üzməyi bacarmayanların problemi deyil. Təhlükəli ərazilərə daxil olmaq, qaydalara məhəl qoymamaq, sağlamlıq vəziyyətini nəzərə almamaq, panikaya düşmək və ya sadəcə “mənə heç nə olmaz” düşüncəsi bəzən insan həyatına başa gəlir.
Məhz buna görə də hər il eyni xəbər başlıqları ilə qarşılaşırıq. Boğulma halları, xilas edilən insanlar, təəssüf ki, həyatını itirənlər…
Təhlükəsizlik dənizə daxil olduqdan sonra deyil, hələ çimərlik mövsümü başlamazdan əvvəl görülən tədbirlərdən başlayır. Məhz bu hazırlıq işləri yay aylarında insanların daha təhlükəsiz istirahət etməsinə xidmət edir.

Yay mövsümündə çimərliklərdə təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər və vətəndaşların riayət etməli olduğu qaydalarla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili Milli.Az-a açıqlama verib.
A.Əlili bildirib ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq Xidmətin nəzarət etdiyi çimərliklərdə, həmçinin IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılan ictimai çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Onun sözlərinə görə, həmin tədbirlər çərçivəsində ilkin olaraq Xidmət tərəfindən sahilboyu ərazilərdə yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib:
“Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli sahələrin müəyyənləşdirilməsi, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydaları ilə bağlı təlimatların təqdim edilməsindən ibarətdir. Bundan başqa, çimərlik mövsümündən öncə Xidmətin nəzarət etdiyi çimərliklərdə, eləcə də IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və təmizləmə işləri aparılıb. Üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanlar quraşdırılıb. Çimərlik istifadəçilərinin məlumatlandırılması məqsədilə çimərlik ərazisində maarifləndirici lövhələr yerləşdirilib. Bunlardan əlavə, Xidmətdə vakant matros-xilasedici vəzifələri üzrə də müsabiqə elan olunub. Həmçinin, Xidmətin balansında olan texnika və vasitələr, dalğıc əməliyyatlarında istifadə edilən avadanlıqlar işlək vəziyyətə gətirilib”.
Şöbə rəisinin sözlərinə görə, Xidmətin aidiyyəti şöbələri mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
A.Əlili qeyd edib ki, Xidmət əməkdaşları tərəfindən sahilboyu ərazilərdə aparılmış monitorinqlər zamanı xüsusi təhlükəli çimərlik əraziləri də müəyyən edilib:
“Belə ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində Mil qaya, Şimal Qress deyilən ərazi, Sabunçu rayonu Bilgəh qəsəbəsində 12-ci dalan – “Daçnik” kimi tanınan ərazi, Binəqədi rayonu Novxanı qəsəbəsində Sarı qaya deyilən ərazi, Qaradağ rayonunda Mayak deyilən ərazi təhlükəli ərazilər kimi qeydə alınıb. Qeyd olunan ərazilərin mürəkkəb relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə və digər təhlükəli xüsusiyyətlərə malik olması, bu ərazilərdən istifadə edənlərin həyat və sağlamlığına ciddi təhlükə yaradır”.
A.Əlili bildirib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşların nəzarətsiz qeyri-çimərlik ərazilərindən, o cümlədən uşaq və yeniyetmələrin çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən istifadə etməsi hallarına rast gəlinir:
“Bu isə bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. Ən çox rast gəlinən risk faktorları çimmək üçün nəzərdə tutulmayan ərazilərə daxil olmaq, xilasedici nəzarəti olmayan ərazilərdə çimmək, küləkli və dalğalı hava şəraitində suya girmək, spirtli içki qəbul edib sərxoş vəziyyətdə suya daxil olmaq və uşaqların nəzarətsiz buraxılmasıdır”.
Şöbə rəisinin sözlərinə görə, nəzarət olunan, yəni xilasedicilərin fəaliyyət göstərdiyi çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur.
“Burada xilasedicilər xidmət aparır, xilasetmə məntəqələri fəaliyyət göstərir, xilasetmə vasitələri və ilkin yardım imkanları mövcud olur. Nəzarətsiz çimərliklərdə isə belə təhlükəsizlik infrastrukturu olmadığından hər hansı fövqəladə hadisə zamanı operativ müdaxilə imkanları məhdudlaşır. Bu səbəbdən vətəndaşlara yalnız nəzarət edilən və xilasedicilərin fəaliyyət göstərdiyi çimərlik ərazilərindən istifadə etmələri tövsiyə edilir”.
Bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, fövqəladə hadisə baş verərsə, zamanla yarış başlayır. İlk dəqiqələrdə atılan düzgün addım bəzən insanın həyatını xilas edir, gecikən yardım isə geri dönüşü olmayan nəticələrə səbəb ola bilir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Suraxanı rayon Təcili Tibbi Yardım bölməsinin həkimi Ruslan Bağıyev Milli.Az-a açıqlamasında bildirib ki, statistikaya əsasən, boğulan şəxsə ilk dəqiqələrdə vaxtında yardım göstərilərsə, təxminən 90 faiz hallarda həyatını xilas etmək mümkündür. Lakin hər keçən dəqiqə bu ehtimal sürətlə azalır və 6-7 dəqiqədən sonra sağ qalma şansı cəmi 2-4 faizə enir.
R.Bağıyev bildirib ki, məhz buna görə də hadisələr zamanı boğulan şəxs sudan çıxarıldıqdan sonra vətəndaşlar yalnız izləyici mövqeyində qalmamalı, öz təhlükəsizliklərini nəzərə almaqla, peşəkar yardım briqadası hadisə yerinə çatana qədər ilkin tibbi yardım qaydalarını tətbiq etməlidirlər:
“İlk növbədə vətəndaşlara yalnız xilasedicilərin fəaliyyət göstərdiyi nəzarət olunan çimərliklərdən istifadə etmələri tövsiyə olunur. Xroniki xəstəlikləri olan şəxslər, xüsusilə arterial hipertoniya, şəkərli diabet və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar dərmanlarını vaxtında qəbul etməli, sağlamlıq göstəricilərini nəzarətdə saxlamadan suya daxil olmamalıdırlar”.
O qeyd edib ki, günəş şüaları altında uzun müddət qalmaq, alkoqollu içkilərdən və psixotrop maddələrdən istifadə etdikdən sonra suya girmək ciddi risk yaradır. Son dövrlərdə gənclər arasında energetik içkilərin həddindən artıq istifadəsi də narahatlıq doğurur. Xüsusilə isti hava şəraitində və günorta saatlarında bu içkilərin yüksək dozada qəbulu bəzi insanlarda ürək ritm pozğunluqlarına səbəb ola və suda qəfil sağlamlıq problemləri riskini artıra bilər:
“Qida qəbulu birbaşa boğulma riski yaratmır. Lakin yeməkdən sonra bəzi şəxslərdə arterial təzyiqin və ya qanda şəkərin yüksəlməsi baş verə bilər ki, bu da sonradan sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə açıq ürək əməliyyatı keçirmiş və ya ürək damarlarına stent implantasiya edilmiş şəxslər sağlamlıq vəziyyətlərinə daha həssas yanaşmalıdırlar”.
Onun sözlərinə görə, boğulan şəxsin xilas edilməsi zamanı ən çox rast gəlinən problemlərdən biri onun panik vəziyyətidir. Belə hallarda zərərçəkmiş xilasedicidən yapışaraq onu da təhlükə altına sala bilər. Buna görə də boğulan şəxsə mümkün qədər arxa tərəfdən yaxınlaşmaq və təhlükəsiz xilasetmə üsullarından istifadə etmək vacibdir:
“Sudan çıxarılan şəxsin vəziyyəti dərhal qiymətləndirilməlidir. İlk olaraq huşu, tənəffüsü və nəbzi yoxlanılmalıdır. Əgər şəxsin nəbzi və tənəffüsü var, lakin huşu yerində deyilsə və ya adekvat deyilsə, hava yolu açıq saxlanılmalı və vəziyyəti nəzarətdə saxlanmalıdır. Əgər nəbz mövcuddur, lakin tənəffüs yoxdursa, dərhal süni tənəffüs tətbiq edilməlidir. Ən ağır hallarda isə həm tənəffüs, həm də nəbz olmadıqda dərhal kardiopulmonar reanimasiya başlanmalıdır. İlkin yardım zamanı baş və boyun düzgün vəziyyətdə saxlanılmalı, tənəffüs yolunun açıqlığı təmin edilməlidir”.
R.Bağıyev qeyd edib ki, cəmiyyətdə geniş yayılmış yanlış fikirlərdən biri də boğulan şəxsin ağciyərlərinə dolmuş suyun mütləq çıxarılmalı olmasıdır. Bu doğru yanaşma deyil. Su tənəffüs yollarına daxil olduqda reflektor spazm yarana bilər və az miqdarda su belə nəfəsalmanı çətinləşdirə bilər. Buna görə də əsas diqqət tənəffüsün və qan dövranının bərpasına yönəldilməlidir:
“Şəxsin vəziyyəti stabilləşdikdən sonra onu isti saxlamaq, imkan daxilində isti maye vermək və mütləq həkim müayinəsinə çatdırmaq tövsiyə olunur. Çünki ilkin baxışda hər hansı problem görünməsə belə, sonradan tənəffüs sistemi ilə bağlı ağırlaşmalar inkişaf edə bilər”.
Ruslan Bağıyev bir daha vətəndaşları yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə, təhlükəsizlik qaydalarına riayət etməyə, günəş altında uzun müddət qalmamağa və xroniki xəstəlikləri olduqda sağlamlıq vəziyyətlərini nəzərə alaraq suya daxil olmağa çağırıb:
“Sadə təhlükəsizlik qaydalarına əməl etməklə faciələrin qarşısını almaq mümkündür”.
Suda təhlükəsiz qalmaq üçün üzməyi bacarmaq hər zaman kifayət etmir. Dənizin xüsusiyyətlərini bilmək, məsafəni düzgün seçmək və panikaya yol verməmək də ən az bunun qədər əhəmiyyətlidir.
Üzgüçülük Federasiyası idman işləri və tədbirləri üzrə müşaviri Rəşad Əbdürəhmanov Milli.Az-a açıqlamasında qeyd edib ki, yay mövsümündə sularda baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməsi vacibdir.
Onun sözlərinə görə, suda boğulan hər bir insanın üzməyi bacarmadığı qənaətinə gəlmək doğru deyil:
“Hər bir boğulan insan o demək deyil ki, üzə bilmir. Hər bir insan suya girməzdən əvvəl daxil olacağı su hövzəsini analiz etməlidir. Əgər söhbət uşaqdan gedirsə, bunu valideyn etməlidir. Uşaqlara da kütləvi informasiya vasitələri ilə izah olunmalıdır ki, tanımadıqları su hövzəsinə daxil olarkən ilk növbədə onun dərinliyini bilməlidirlər. Dərinliyi bilmədən qıraqdan birbaşa baş vurmaq, suya atılmaq olmaz”.
Qeyd edib ki, adi istirahət məqsədilə dənizə gələn insanların əsas məqsədi uzun məsafələr üzmək deyil.
“Hər bir insan suya daxil olduqda mütləq dərinə, uzununa üzməməlidir. Ayağının yerə dəydiyi hissədə sağa və ya sola, yəni eninə üzmək lazımdır. Dəniz üzmək üçün yox, çimmək üçündür. Uzun məsafələrə üzmək marafon üzgüçülüyü ilə məşğul olan peşəkar və ya bu istiqamətdə hazırlıq keçən həvəskar idmançılar üçündür. Valideynlər də uşaqlara izah etməlidirlər ki, suya qurşağa qədər daxil olduqdan sonra yalnız eninə üzmək lazımdır”.
Onun sözlərinə görə, hovuzla dəniz arasında təhlükəsizlik baxımından ciddi fərqlər var:
“Hovuzlarda xilasedicilər və təhlükəsizlik vasitələri olur. Boğulma və ya qıc olma zamanı onlardan istifadə etmək mümkündür. Dənizdə isə ən böyük təhlükələrdən biri boğulma, eləcə də küləkli və dalğalı havada suya girməkdir”.
Əlavə edib ki, dənizdə suyun relyefi də təhlükə yaradan amillərdəndir:
“İnsan bəzən ayağının altındakı çalaya düşə bilər. Suyun altında yoxuşlar və enişlər olur. Belə vəziyyətdə insanın ağzına su gedə, panikaya düşə və boğulma riski arta bilər. Dalğalı suda dalğa ilə oynamaq da təhlükəlidir. Hər kəs özünə uyğun, komfort hiss etdiyi dərinlikdə çimməlidir”.
R.Əbdürəhmanov bildirib ki, sakit sularda belə təhlükəsizlik qaydalarına riayət olunmalıdır.
“Su sakitdirsə, üzmə bacarığından asılı olaraq yüngül brass, yəni qurbağa üsulu ilə, sərbəst üsulla eninə üzmək olar. Tam sərbəst üzə bilməyənlər isə müxtəlif oyun və əyləncələrlə özlərinə fiziki yük verə bilərlər. Hətta peşəkar triatlonçular da eninə üzürlər. Heç kim dərinə üzmür, bu düzgün yanaşma deyil. Fövqəladə Hallar Nazirliyinin quraşdırdığı buyların o biri tərəfinə keçmək də olmaz”.
Boğulan insana yardım zamanı da ehtiyatlı davranmağın vacibliyini qeyd edib.
“Boğulan insana xilasedici üçün mütləq arxadan yaxınlaşmaq lazımdır. Əgər boğulan şəxs sizdən sağda və ya solda, dərindədirsə, dayandığınız yerdən birbaşa suya girməyin. Əvvəl sahil boyunca qaçaraq onunla üzbəüz olan nöqtəyə çatın. Əyninizdəki ağır paltarları və ayaqqabıları çıxarın. Daha sonra suya daxil olun. Boğulana 5-10 metr qalmış suyun altı ilə yaxınlaşıb arxasına keçmək lazımdır. Sonra onu saçından və ya qoltuğunun altından tutaraq qulağına “Sakit ol, mən burdayam, səni xilas edəcəyik” demək lazımdır. Çünki panika keçirən insan üzbəüz yaxınlaşanı da tutaraq suyun altına çəkə bilər. Bu, çox təhlükəlidir”.
R.Əbdürəhmanov vətəndaşlara əsas təhlükəsizlik tövsiyələrini xatırladıb:
“Suya girməzdən əvvəl düşünmək lazımdır ki, sən istirahətə gəlmisən və bundan zövq almalısan. Əgər üzmək istəyirsənsə, qurşağa qədər suya girib eninə üz. Heç vaxt spirtli içki qəbul etdikdən və ya çox yemək yedikdən sonra suya girməyin. Özünüzü pis hiss edirsinizsə və ya sizə həddindən artıq istidirsə, xilasedicilərə müraciət edin. Ən vacib tövsiyə isə xilasedicilərin xidmət göstərdiyi çimərliklərdən istifadə etməkdir. Xilasedicisi olmayan çimərliklərdə təhlükə daha çoxdur və insanlar buna ciddi yanaşmalıdırlar”.
Təhlükəsizlik qaydalarına əməl etməyənlərin ən çox üz tutduğu yerlər isə adətən qadağan olunmuş və ya nəzarətsiz ərazilər olur. Yay mövsümündə qadağan olunmuş ərazilərdə dənizə və ya digər su hövzələrinə daxil olan şəxslərin cərimələnib-cərimələnməməsi tez-tez müzakirə olunur.
Vəkil Vüsal Cəfərov Milli.Az-a açıqlamasında bildirib ki, qadağan olunmuş ərazidə suya girmək hər bir halda avtomatik olaraq inzibati cərimə tətbiq olunması demək deyil.
Onun sözlərinə görə, bu cür qadağaların əsas məqsədi insanların sağlamlığını və həyatını qorumaqdır. Bununla belə, konkret hallardan asılı olaraq qanunvericilikdə inzibati məsuliyyət yarana bilər:
“Şəxs su obyekti üzərində mülkiyyət hüququnu pozarsa və ya xüsusi mühafizə olunan su obyektinin rejimini pozarsa, bu zaman İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri tətbiq oluna bilər. Lakin adi çimərliklərdə qadağan olunmuş zonaya daxil olmaq, bir qayda olaraq, birbaşa cərimə üçün əsas hesab edilmir”.
V.Cəfərov qeyd edib ki, su hövzələrində təhlükəsizlik qaydalarına nəzarəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Təhlükəli hesab edilən ərazilərin müəyyən edilməsi, xəbərdaredici nişanların quraşdırılması və təhlükəsizlik tədbirlərinin görülməsi aidiyyəti dövlət qurumlarının və ərazinin idarəedicilərinin vəzifəsidir. Bununla yanaşı, hər bir vətəndaş da quraşdırılmış qadağa və xəbərdarlıq nişanlarına əməl etməyə borcludur.
Vəkilin sözlərinə görə, çimərliyin sahibi və ya istismarçısı onun istifadəsi zamanı təhlükəsizlik tələblərinin yerinə yetirilməsini təmin etməlidir. Əgər təhlükəli sahələr lazımi qaydada nişanlanmazsa, xəbərdarlıq lövhələri quraşdırılmazsa və ya digər zəruri təhlükəsizlik tədbirləri görülməzsə, bunun nəticəsində insanlara zərər dəydiyi halda həmin şəxslərin hüquqi məsuliyyəti yarana bilər:
“Bu məsuliyyətin növü hadisənin konkret hallarından asılı olaraq mülki, inzibati və hətta cinayət məsuliyyəti ola bilər. Bu səbəbdən çimərliklərin təhlükəsiz istismarı yalnız dövlət orqanlarının deyil, həm də çimərlikdən istifadəni təşkil edən şəxslərin birbaşa öhdəliyidir”.
Hər il təkrarlanan hadisələr isə göstərir ki, bu məsələ təkcə fərdi məsuliyyətlə bitmir. Təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və cəmiyyətin yanaşması da ən az digər amillər qədər önəmlidir.

Sosioloq Üzeyir Şəfiyev Milli.Az-a açıqlamasında bildirib ki, hər il çimərlik mövsümündə baş verən faciəvi hadisələr narahatlıq doğurur və bu problemin həlli təkcə valideyn nəzarəti ilə məhdudlaşmamalıdır:
“Görürsünüz, bu çimərlik mövsümü, əfsuslar olsun ki, çox faciəvi hadisələrlə yadda qalır. Hər il eyni mənzərə təkrarlanır, neçə-neçə gəncimiz məhz çimərlikdə həyatını itirir. Bu, təkcə valideyn nəzarəti məsələsi deyil. Hesab edirəm ki, burada xilasetmə mexanizmlərində də dəyişiklik etmək lazımdır. Bir halda ki, bu hadisələr tez-tez və oxşar şəkildə baş verir, burada artıq valideyn nəzarətində olan və ya olmayan uşaqlardan söhbət getmir. Burada kifayət qədər yaşı olan, 20-50 yaş arasında insanlar da həyatını itirir. Bu artıq valideyn nəzarəti məsələsi deyil”.
Ü.Şəfiyev hesab edir ki, çimərliklərdə təhlükəsizlik sisteminə daha müasir yanaşma tətbiq olunmalıdır.
“Çimərlikdə xilasetmə mexanizmlərini bir qədər çevik etmək lazımdır. Yeni yanaşma olmalıdır. Həm çimərlikdə müxtəlif təlimatlar, məlumatlandırıcı lövhələr yerləşdirilməlidir, eyni zamanda, bəlkə də könüllülərdən istifadə etmək lazımdır. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin xilasetmə sistemində də dəyişikliklərə ehtiyac var. Çünki bu cür hadisələr çox tez-tez baş verir, böyük statistika var və gənclər gedib orada həyatını itirirlər. Hesab edirəm ki, bu, çox ciddi məsələdir və yanaşma dəyişməlidir”.
Mütəxəssislərin səsləndirdiyi tövsiyələr fərqli sahələri əhatə etsə də, hamısı eyni mesajı verir: Dəniz insanı özünə cəlb etsə də, onun təhlükəsini heç vaxt kiçiltmək olmaz. Bəzən cəmi bir neçə saniyə, bir yanlış qərar və ya bir qaydaya məhəl qoymamaq geri dönüşü olmayan nəticələrə səbəb olur. Təhlükəsizlik təkcə xilasedicilərin və aidiyyəti qurumların işi deyil. Hər bir insan suya daxil olarkən öz məsuliyyətini də özü ilə aparmalıdır. İstirahətin xoş xatirə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etmək hər kəsin öz əlindədir.




