“Süni intellekt alimlərə insanların qərar vermə məntiqini anlamağa kömək etdi” – Yeni tədqiqat

Süni intellekt insanların nəyi seçdiyini deyil, seçimlərini hansı səbəblərlə etdiyini də müəyyənləşdirməyə imkan verir

Drezden Texniki Universitetinin Sistem Sinergiyası Mərkəzi, Maks Plank İnsan İnkişafı İnstitutu və Bazel Universitetinin alimləri insanların qərar qəbul etmə mexanizmini daha dərindən öyrənməyə imkan verən yeni metod hazırlayıb.

Bu barədə “naukatv.ru” nəşri yazıb.

Araşdırmanın nəticələri ABŞ Milli Elmlər Akademiyasının “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub

Qərarların arxasındakı səbəblər araşdırılıb

Ənənəvi tədqiqatlarda alimlər əsasən insanların hansı qərarı verdiyini müşahidə edirdilər. Yeni araşdırmada isə iştirakçılardan təkcə seçim etmələri deyil, həm də niyə məhz həmin variantı seçdiklərini öz sözləri ilə ətraflı izah etmələri istənilib.

Daha sonra tədqiqatçılar süni intellektə əsaslanan böyük dil modellərinin köməyi ilə bu izahlarda əsas motivləri müəyyənləşdiriblər. Bunlara maksimum qazanc əldə etmək istəyi, böyük itkilərdən yayınmaq, riskə meyillilik və ya ehtiyatlı davranış kimi amillər daxil olub. Sonra bu nəticələr riyazi modellərlə yoxlanılaraq təsdiqlənib.

İnsanlar vəziyyətə uyğun strategiyalarını dəyişir

Araşdırma göstərib ki, insanlar bütün hallarda eyni qərarvermə strategiyasına sadiq qalmırlar. Onlar tapşırığın xüsusiyyətlərindən, mövcud məlumatlardan və şəraitdən asılı olaraq yanaşmalarını çevik şəkildə dəyişirlər.

Tədqiqatın aparıcı müəllifi, doktor Kamil Fulavka bildirib ki, maliyyə planlaşdırılması, tibbi xidmət seçimi, yeni texnologiyaların tətbiqi və dövlət siyasəti kimi mürəkkəb məsələləri yalnız insanların qərarlarını müşahidə etməklə tam başa düşmək mümkün deyil. Onun sözlərinə görə, insanların öz izahları onların mürəkkəb problemləri necə sadələşdirdiyini və qərar qəbul edərkən hansı strategiyalardan istifadə etdiyini daha aydın göstərir.

Yeni imkanlar açılır

Alimlərin hazırladığı model bu cür izahların geniş miqyasda təhlilinə imkan yaradır. Tədqiqat müəllifləri hesab edir ki, bu yanaşma insanların davranış mexanizmlərinin daha yaxşı öyrənilməsinə kömək edəcək və gələcəkdə iqtisadiyyat, psixologiya, tibb, eləcə də dövlət siyasətinin hazırlanması sahələrində tətbiq oluna bilər.