Rusiyanın İrkutsk vilayətində Qanunvericilik Məclisi sahibsiz itlərin öldürülməsinə icazə verən qanunu qəbul edib. Qanun layihəsinə qarşı yüzlərlə sakin etiraz etsə də, sənəd ikinci oxunuşda dəyişikliklərlə təsdiqlənib.
Sahibsiz itlərin öldürülməsini nəzərdə tutan qanun layihəsi vilayətin Bələdiyyələr Assosiasiyası tərəfindən irəli sürülüb. Sənəd 40 deputatdan 35-nin dəstəyi ilə qəbul edilib və sentyabrın 1-dən qüvvəyə minəcək.
Qanun “fövqəladə vəziyyət” anlayışını tətbiq edir. Bu status sahibsiz itlərin öldürülməsinə hüquqi əsas yaradır. Fövqəladə vəziyyət sahibsiz heyvanın insanın ölümünə və ya sağlamlığına ağır zərər vurması, təhlükəli xəstəliklərin aşkarlanması və ya hər kvadrat kilometrə 10 və daha çox sahibsiz heyvan düşməsi hallarında elan edilə bilər.
Yeni qaydalara əsasən, hətta sterilizasiya olunmuş və xüsusi nişanları olan itlər də tutulacaq heyvanlar siyahısına daxil ediləcək.
Tutulan heyvanlar sahibsiz heyvanlar üçün nəzərdə tutulmuş müvəqqəti saxlanma məntəqələrinə yerləşdiriləcək. Onlar burada 11 gün saxlanılacaqlar. Bu müddət ərzində sahibi tapılmayan heyvanlar öldürüləcək.
Aprel ayında yüzlərlə İrkutsk sakini qanun layihəsinə qarşı mitinq keçirərək imza toplamışdı. Heyvanların müdafiəsi ilə məşğul olan fəallardan biri Qanunvericilik Məclisinin binası qarşısında keçirdiyi piketə görə cərimələnib.
Məhkəmə həmin qadının aksiya zamanı istifadə etdiyi it formasında şarları əyani təşviqat vasitəsi kimi qiymətləndirib və bunun əsasında ona inzibati cəza tətbiq edib.



