Aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydalar gəlir

Avropa Parlamenti Aİ ölkələrində aviasərnişinlərin hüquqlarını genişləndirəcək yeni qaydalarla bağlı razılığa gəlib.

Təşəbbüsə əsasən, gələn ildən etibarən sərnişinlər kiçik çanta və ya bel çantasını təyyarənin salonuna ödənişsiz götürə biləcəklər. Bundan başqa, əl yükü ilə birgə biletin qiyməti artıq bronlaşdırmanın ilkin mərhələsində göstərilməlidir. Həmçinin aviaşirkətlər sərnişinlərə reyslərin gecikməsi və ya ləğv edilməsi ilə bağlı kompensasiyaların ödənilməsi qaydası haqqında daha aydın məlumat təqdim etməyə borclu olacaqlar. Yeni qaydalara əsasən, aviadaşıyıcılar 14 yaşadək uşağın onu müşayiət edən böyük şəxslə yanaşı əyləşdirilməsinə görə əlavə ödəniş tələb edə bilməyəcəklər.

Avropa Parlamentinin sədri Roberta Metsola bəyan edib ki, bu razılaşma həm sərnişinlər, həm də aviaşirkətlər üçün şəffaflığı artıracaq. Bununla yanaşı, “Airlines for Europe” assosiasiyası xəbərdarlıq edib ki, yeniliklər aviabiletlərin qiymətlərinin bahalaşmasına səbəb ola bilər.

Dəyişikliklər artıq istehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların dəstəyini qazanıb. Həmin təşkilatlar hesab edirlər ki, bu yeniliklər kompensasiya alınması prosedurunu sadələşdirəcək və Avropada səyahət edənlərin hüquqlarının müdafiəsini gücləndirəcək. (Azərtac)