Türkiyənin “Yeni Şafak” qəzetinin hesablamalarına görə, Ermənistan və Türkiyə arasında quru sərhədinin açılması ikitərəfli ticarəti 1 milyard dollara çatdıra bilər.
Nəşrin məlumatına görə, ilk mərhələdə Əlican sərhəd keçid məntəqəsinin açılması planlaşdırılır. Bunun bu yay baş tutması gözlənilir. Eyni zamanda, Qars əyalətindəki Akyaka sərhəd keçid məntəqəsinin açılması üçün hazırlıqlar görülür.
Qəzetin qeyd etdiyi kimi, hər iki sərhəd keçid məntəqəsinin açılması iki ölkə arasında nəqliyyat, logistika və ticarət əlaqələrinin yenidən qurulmasına imkan verəcək. Xüsusilə, yük daşımalarının əhəmiyyətli bir hissəsi Gürcüstan ərazisindən keçmədən birbaşa daşına biləcək.
Qəzetin məlumatına görə, Ermənistan-Türkiyə ticarətinin hazırda həcmi 300-350 milyon dollar təşkil edir. Ticarət dövriyyəsinin əsas hissəsini tekstil və kimya məhsulları, qida məhsulları və emal olunmamış qiymətli metallar təşkil edir.




