Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Fəxri üzvü, tanınmış yazıçı-publisist, araşdırmaçı Sabir Şahtaxtı mayın 23-də Mərkəzi Elmi Kitabxanada təşkil olunan Özbəkistan Ali Təhsil müəssisələrinin sərgisinin açılış mərasimində iştirak edib və bu çərçivədə görüşlər keçirib.
Daha sonra Sabir Şahtaxtı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının önündəki parkda keçirilən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində təşkil olunan təqdimatda çıxış edərək qələmə aldığı “TÜRKSOY-un mübarək yolu” araşdırması və “Mil” siyasi-tarixi romanı barədə məlumat verərək bu əsərlərin Azərbaycan-Özbəkistan münasibətləri daxil olmaqla ümumilikdə türk dünyasının birliyinə qiymətli vəsait olduğunu diqqətə çatdırıb.
Yazıçı adıçəkilən kitablarını özbəkistanlı qonaqlara hədiyyə edib.
Xatırladaq ki, 25 elmi əsər və roman müəllifi olan Sabir Şahtaxtının əsərlərinin əsas hissəsi Türkiyədə və İranda türk və fars dillərində nəşr olunub, kitabları beş dilə tərcümə edilib. “Mil” romanı indiki İranda mövcud olan türk düşmənçiliyinin tarixinə və müasir vəziyyətinə həsr olunub.











