Payızda çiçəkləyən afelandra

0
503

Afelandra vətəni Mərkəzi Amerika və Braziliya hesab olunan tropik bitkidir, rütubətli mühitə qarşı kifayət qədər dözümlüdür. Bitkinin adı yunan dilindən tərcümədə “sadə kişi” deməkdir.

Gülçülüklə məşğul olanlar afelandranı xarakterik sarı naxışlı gözəl yarpaqlarına görə sevirlər. Payız yaxınlaşanda afelandranı uzunluğu 10-20 santimetr olan qozayabənzər hamaşçiçəklər bəzəyir və 6-8 həftə bitkinin üstündə qalır. Əlverişli mühit yaradılsa, il ərzində öz formasını saxlayır. Afelandra digər tropik bitkilərlə həmahənglik təşkil edir.

Ev şəraitində becərilən afelandra 30-50 santimetrə qədər böyüyür. Bitkini sakitlik dövründə budayırlar. Temperatur dəyişkənliyinə o qədər də tələbkar deyil. Onun becərildiyi otağın temperaturu 15-16 dərəcədən aşağı düşməməli, yayda isə 22-25 dərəcə aralığında olmalıdır.

Kifayət qədər işıqsevəndir, lakin bu heç də bitkinin birbaşa günəş şüaları altında saxlanılması demək deyildir, çünki həmin şüalar onu məhv edə bilər.

Afelandranın əkildiyi torpağı iki-üç ildən bir dəyişdirmək lazımdır. Onu yazın əvvəllərində toxumla da çoxaltmaq olar. Afelandra adətən payız mövsümündə çiçəkləyir.