Rusiyada Azərbaycanlılara Qarşı Ayrı-seçkilik: Nə Vaxta Qədər?Artıq Kifayətdir! Biz Susmayacağıq!”

Qan ağlayan Yekaterinburq hadisələri bütün Azərbaycan xalqının ürəyində açıq yara kimi qalır! Bu nə ilk, nə də son faciədir – polis vəhşiliyi nəticəsində iki soydaşımızın həyatını itirməsi bütün azərbaycanlıların vicdanını yaralayır. Biz etiraz edirik, susmayacağıq və bu ədalətsizliyə son qoyulana qədər mübarizəmizi davam etdirəcəyik!
Rusiya Federasiyası çoxmillətli bir dövlət kimi tanınsa da, son zamanlar türk kökənli xalqlara, xüsusilə də Azərbaycanlılara qarşı artan ayrı-seçkilik və zorakılıq halları narahatçılıq doğurur. Yekaterinburqda baş verən hadisələr, ədalətsizlik və həddindən artıq güc tətbiqi nəticəsində itkilərlə nəticələndi. Bu, təkcə ayrı-ayrı epizodlar deyil, sistemli problemə çevrilən bir tendensiyanın təzahürüdür.
Rusiyada 22 muxtar respublika və onlarca etnik qrup yaşayır. Türk xalqları – tatarlar, başqırdlar, çuvaşlar, qazaxlar, Azərbaycanlılar və digərləri ölkənin demoqrafik balansında mühüm yer tutur.
Təkcə türk kökənli vətəndaşların sayı 10 milyonu, Azərbaycan əsilli insanların sayı isə 2 milyona yaxındır. Daha əlamətlisi odur ki, bu insanlar Rusiya iqtisadiyyatının əsasını təşkil edən sahələrdə – tikintidə əmək qüvvəsinin 42%-ni, kənd təsərrüfatında 38%-ni, ticarət və xidmət sektorunda isə 25%-ni təşkil edirlər. Ümumilikdə isə iqtisadiyyatın qurucu sahələrində əmək qüvvəsinin 30%-ni təmsil edirlər.
Bununla belə, dövlət siyasətində onlar “ikinci dərəcəli vətəndaş” statusuna məhkum edilir, “qonaq işçi” stereotipi ilə yaşayırlar. Yekaterinburqda polis əməliyyatı zamanı iki Azərbaycan vətəndaşının həyatını itirməsi bütün cəmiyyəti sarsıtdı. Cinayətə qarşı mübarizə bəhanəsi ilə etnik qrupların damğalanması, “etnocinayət” termininin işlədilməsi qəbuledilməzdir. Bu cür hadisələr təkcə insan hüquqları pozuntusu deyil, həm də Rusiya-Azərbaycan münasibətlərinə zərbədir.
Azərbaycan hər zaman Rusiyada yaşayan ruslara hörmət və ləyaqətlə yanaşıb. Onlar burada cəmiyyətin inteqral hissəsidir, heç bir ayrı-seçkilik və ədalətsizliyə məruz qalmırlar. Bəs niyə Rusiyada Azərbaycanlılar belə qəddar münasibətlə üzləşirlər? Rusiya və Azərbaycan arasında tarixi ittifaqlar və qarşılıqlı əməkdaşlıq əsasında qurulan münasibətlər var. Lakin bu münasibətlər yalnız rəsmi səviyyədə deyil, gündəlik həyatda da ədalət və hörmət prinsipləri əsasında qurulmalıdır.
Əgər Rusiya öz çoxmillətli quruluşunu qorumaq və sabitlik istəyirsə, onda etnik azlıqlara, xüsusilə də Azərbaycanlılara qarşı ayrı-seçkilik və zorakılığa son qoymalıdır. Əks halda, bu cür hadisələr sosial gərginliyi artıracaq və nəticədə ölkə daxilində böhrana səbəb ola bilər.
Rusiya rəhbərliyi üçün vaxt itirmədən addımlar atmaq vacibdir: etnik azlıqların hüquqlarının qorunması üçün xüsusi qanunlar qəbul etmək, polis orqanlarında etnik tolerantlıq təlimləri təşkil etmək və ksenofobiyaya qarşı mediada informasiya kampaniyası aparmaq lazımdır.

Rasim Məmmədov: Azərbaycanlıların təhlükəsizliyi və ləyaqəti bizim üçün əsas prioritetdir

İctimai Nəzarət Koalisiyasının sədri, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Prezidenti kimi aşağıdakı mövqeyi bildirməyi vacib bilirəm:
Son günlərdə Yekaterinburq şəhərində baş verən hadisələr ciddi narahatlıq doğurur. Azərbaycan vətəndaşı kimi bu cür halların təkrarən yaşanması məni dərin düşüncələrə qoyur. Tarixən qurulmuş dostluq əlaqələrimizə zərər verən bu cür hadisələr, fərdi şəxslərin qeyri-məsuliyyətli davranışı nəticəsində yaranır.
Hər bir insanın toxunulmazlıq hüququ və ləyaqəti qorunmalıdır. Xüsusilə də Rusiya Federasiyası ilə çoxəsrlik mədəni və insani əlaqələrimiz nəzərə alındıqda, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər münasibət gözlənilir. Lakin son vaxtlar müşahidə edilən bəzi hallar bu prinsiplərin pozulduğunu nümayiş etdirir.
Yaddaşlarımızda hələ də təzə olan Aktaudakı faciə və indiki hadisələr, təəssüf ki, təcrid olunmuş hallar kimi yox, sistemli problem kimi qiymətləndirilməlidir. Bu kontekstdə ağlabatan sual yaranır: Niyə məhz Rusiya ərazisində yaşayan azərbaycanlılar belə çətin vəziyyətlərlə üzləşirlər?
Hüquq-mühafizə orqanlarının fəaliyyəti zamanı həyat itkilərinin baş verməsi, heç bir şəkildə əsaslandırıla bilməz. Azərbaycan Respublikasında yaşayan rus əsilli vətəndaşlarımız tam hüquqlu cəmiyyət üzvləri kimi qəbul olunur və hörmət görürlər. Eyni münasibətin qarşılıqlı olaraq Rusiyada yaşayan soydaşlarımıza da göstərilməsini gözləyirik.
Dost dövlətlər arasında münasibətlər yalnız rəsmi bəyanatlarla deyil, konkret işlərlə təsdiq olunmalıdır. İnsan hüquqlarının qorunması, etnik mənsubiyyətdən asılı olmayaraq hər kəsə bərabər münasibət – bu prinsiplər real həyatda tətbiq olunmalıdır.
Vəziyyətin düzgün qiymətləndirilməsi və qəti tədbirlərin görülməsi vacibdir. Yalnız bu yolla həqiqi qarşılıqlı anlaşma və uzunmüddətli əməkdaşlıq perspektivlərini qoruyub saxlaya bilərik. Azərbaycanlıların hüquq və təhlükəsizliyinin qorunması bizim üçün ən vacib vəzifədir!


Rasim Məmmədov,

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Prezidenti,

İctimai Nəzarət Təşkilatının sədri,

Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim