Gəncəli Vokal ifaçısı Altun Süleymanov Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Fikrət Əmirovun “Gülərəm gülsən” romansını ifa etdi

0
27

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Xəzər Universitetinin birgə əməkdaşlığı ilə keçirilən Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı çərçivəsində 28 aprel 2025-ci il tarixində Bakı şəhərində Xəzər Universitetinin Fikrət Əmirov adına Konsert Zalında mötəbər konsert proqramı keçirilmişdir.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının III kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov, Xəzər Universitetinin Kamera Orkestrinin müşayiəti ilə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun “Gülərəm gülsən” əsərini böyük ustalıqla ifa etmişdir. Onun yüksək peşəkarlıq və bədii təfəkkürlə təqdim etdiyi ifa tamaşaçıların və musiqi ictimaiyyətinin dərin rəğbətini qazanmışdır.

Konsertdə orkestrin bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar Artisti Zülfiyyə Sadıqova və dirijor Meri Çeminava çıxış etmişdir.

Gənc vokal ifaçı Altun Süleymanovun bu uğurlu çıxışı Azərbaycan vokal məktəbinin yeni nəslinin inkişaf potensialını nümayiş etdirmiş və festivalın bədii səviyyəsinə mühüm töhfə vermişdir.