Həmin şəxslərin sağ qalma ehtimalları daha yüksəkdir – Ekspert AÇIQLADI

0
20

Aviasiya sahəsində ekspert Eduard Xəlilov təyyarə qəzalarında sərnişinlərin sağ qalma ehtimalları barədə danışıb.

Ekspertin sözlərinə görə, dünya statistikasına əsasən, təyyarənin quyruq hissəsində oturan sərnişinlərin sağ qalma şansı daha yüksəkdir.

“Bütün dünya üzrə aviaqəzaları analiz etdikdə, ən təhlükəsiz yerlərin məhz quyruq hissəsində olduğu məlum olur. Əlbəttə, bəzi hallarda buradakı sərnişinlərin də həlak olması mümkündür. Amma sərt zərbələr zamanı quyruq hissəsi qırıldığından, burada olan sərnişinlər üçün sağ qalmaq ehtimalı artır. Təyyarənin ön hissəsi isə əksər hallarda yerə çırpıldığı və ya obyektlərə dəyərək parçalandığı üçün daha təhlükəlidir,” – deyə, o bildirib.

Ekspert xüsusilə Qazaxıstanda baş verən “Embraer 190” təyyarə qəzasını nümunə kimi göstərib. O qeyd edib ki, bu hadisə quyruq hissəsində oturan sərnişinlərin sağ qalma ehtimalını təsdiqləyir:

“Qəzada təyyarənin quyruq hissəsi qırılmış və orada oturan sərnişinlərdən bəziləri sağ qalmışdı. Belə hallarda sağ qalmaq nadir olsa da, bu, statistik həqiqəti bir daha təsdiqləyir. Lakin hər bir zərbə fərqlidir və çox vaxt insanlar ağır yaralar alır, bu da həyati təhlükə yaradır. İstənilən halda bu qəzada çox sayda insanın sağ qalması əsl möcüzədir”.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Qroznıda duman səbəbindən təyyarə eniş edə bilmədiyi üçün əvvəlcə Mahaçqalaya, daha sonra isə Aktauya yönləndirilib. Təyyarədə 67 nəfər olub, qəza nəticəsində 29 nəfər sağ qalıb.