Kimə inanaq, kimi sevək?

0
51

Yaxın bildiyimiz adamlardan gördüyümüz etibarsızlıq qəlblərimizi çox ağrıdır. Həyata olan baxışlarımıza ləkə salır.
Bəziləri bu ağrıları aradan qaldırmaq üçün əlindən gələni etsə də, bəziləri pessimizmə qapılır. Nə edəcəyini bilmir. Həyat mənasızlaşır.
Özümüzə olan inamı qorumaq üçün nə etməliyik?
Buna çox az hallarda nail olmaq olur. Çox zaman da illərə ehtiyac olur.
Əgər sən düzgünsənsə, olduğun kimi qalırsan, günahın varsa da buna dözməlisən. İnamı bərpa etmək qarşısındakı insandan da çox asılıdır.
Onun sənə olan münasibətinin hansı dərin duyğulara malik olması önəmlidir. Və o insanın xarakterindən asılıdır.
Səni aldadan bir kəsə öz münasibətini düşünməlisən.
Hər kəsin fərqli xarakterə və duyğulara sahib olduğunu heç vaxt unutmamalıyıq.
Məncə həyatda ən böyük xöşbəxtlik daim sənə xarakteri uyğun gələn insanlarla birgə olmaqdır.
Təəssüf ki, bu xoşbəxtliyə tam şəkildə nail ola bilmirik. Ona görə də, həyatla mübarizənin bu detallarını daim diqqət mərkəzində saxlamalıyıq. Heç bir kəlmə düşünülməmiş söz deyilməməlidir.
Hər zaman əsəblərimizdən özümüzü qorumalıyıq.
Fikrinizi bircə dəfə deyin, mübahisələrə qoşulmayın.
Bu mübarizədə dalaşmaq deyil, gözəl əməllər önəmlidir.
Bu əməllərdən uzaq olan insanları düzgün yola döndərmək mümkün deyilsə, onlara tənhalıq dərsi verməliyik.
Düzgün bildiyin hər bir düşüncənin, hər bir biliyin iç üzünü həyat imtahanında görürsən.
Qarışıq aforizmlər sizi aldatmasın.
Ömür boyu öyrənməkdən uzaq olmayın.
Hər şeyi öyrənməyə bir ömür bəs etməsə də, öyrəndiklərimizə uyğun həyatı seçə bilək.
Hər dəfə yazı yazanda filosofların dedikləri, yazdıqları yada düşür.
Mən düşünürəm ki, hər birimiz fəlsəfi düşüncələrə malikik. Onları biliyə çevirmək üçün olmasa da, həyatımızı asanlaşdıran bu elm sahəsinə bir qədər yaxınlıqla optimist düşüncələr qazanmış olarıq.
Bəzən inanmadığımız adamları da sevirik. Və bizim sevgimiz o şəxsləri düzgün yola aparır.
İnanc, sevgi həyatımızı işıqlandırmaq gücünə malikdirsə, biz bu işıqdan özümüzü məhrum etməyək.
Qarşımızdakı hər kim olursa olsun bir insandır. Onun damarlarından sənin qanın axmasa da, o da sənin kimi həyatı sevir.
Dünyaya baxışlar fərqli olsa da, həyat tərzi uyğun gəlməsə də, bizim hamımızı bu sevgi birləşdirir.
Bir-birimizi sevən insanlarla isə həyata inam yaranır.
Yəni, kimə inanacağımızı, kimi sevəcəyimizi düşünməyək.
Bunu düşüncə həll etmir, tale həll edir…

Sənubər